вторник, 26 ноября 2013 г.

Bir qalanın qərib taleyi





Adi iş günlərindən biri idi. Qəzet əməkdaşları olaraq yenə də əvvəl dünyanın, sonra ölkənin, sonra isə rayonun dünənindən, bu günündən söhbətləşir, fikir bölüşürdük. Belə söhbətlər hər birimizə komək edir ki, yazılarımızda qaldırdığımız məsələlərə obyektiv fikir bildirək, yazdıqlarımız ara qarışdırmasın, əksinə, vacib sahələrə diqqət artırılsın. Bizlər hər zaman gözdən uzaq mövzuları aramağa, diqqətdən, nəzərdən kənarda qalan məsələləri gündəmə gətirməyə, aidiyyati qurumların və ictimaiyyətin diqqətinə çatdırmağa çalışmışıq. Bu dəfə də belə oldu. Rayonun tarixi abidələrindən danışırdıq. Söhbət gəldi çıxdı qədim Əskibazar ərazisində olduğu söylənilən Pəri qalasının üzərinə. Düzü, bu gün, qalaya gedib baxdıqdan sonra özümü bu günə qədər belə bir abidənin bir növ görüşünə getməməyimdən çox qınayıram. Lakin nə etmək olar, zaman keçib, çox illər əvvəl etməli olduğumu indi etməyə çalışıram. Bu qalanın tanıtılmağa, bu bölgənin ən möhtəşəm qalalarından biri kimi təqdim edilməyə nə qədər ehtiyacı var.
Təklif kimdən gəldi bilmirəm, elə həmin günki işimizi bu qalanın ziyarətinə sərf etməyi qərara aldıq. Dərhal yola çıxdıq. Qalanın yerləşdiyi yeri təqribən bilirdik. Bura şəhər mərkəzindən (mənim hesabıma görə) 15-16 kilometr aralıdadır. Muğanlı kəndinə gedən yola çıxdıq.  Hacı bulağın düz yanından sola, torpaq yola burulduq.  Bu yol bizi Çüdülübinə kəndinə aparmalı, oradan özümüzə bələdçi götürməli idik. Kəndə çatdıq, vaxtı ilə mətbəədə çalışan, bir növ keçmiş iş yoldaşımız hesab olunan Nurəddin qardaşımızı
doqqazından səslədik. O yaxın qohumunun xeyir işinə getməli olmasına baxmayaraq bizə bələdçilik etdi.

-Nə danışırsınız, bu qalanın baxımsızlığı bizim ürəyimizi ağrıdır. Toya sonra gedərəm. Bəlkə siz yazarsınız, vəziyyət dəyişər.
Qala Çüdülübinə kəndindən təqribən bir kilometr aralıda, Əsgibazar meşəsi ərazisində idi. Çöl yolu ilə gedib bələdçimizin dediyi yerdə maşınımızı saxladıq. Buradan piyada getməli idik. Çörü-çöpü kənara edərək, kolluqları yararaq irəlilədik. Getdiyimiz məsafə çox uzun olmadı. Nurəddin,-bu da qala, dedikdə başımı qaldırdım. Çünki bütün diqqətimi yola vermişdim. Qarşımda elə bir mənzərə, elə bir abidə dayanmışdı ki, bir anlıq çaşdım. Mən əslində rayonumuza xas bürcvari, çox da böyük olmayan, dağılmış bir abidə görəcəyimi təsəvvür edirdim. Lakin bu qərib meşədə, bu qərib yerdə elə bir abidəmiz var imiş ki, onun varlığından xəbərsiz olmağıma belə utandım. Bu möhtəşəm abidəmizi nə üçün axtarmırıq, nə üçün onun haqqında söhbət açmırıq, onun tanıtımı, onun tədqiqatı niyə getmir? Bir anda yüzlərlə sual beynimi didib-tökdü.
Abidənin kitabəsini axtardım. Kitabə nə gəzir, sanki abidə deyil, göbələkdi, yerdən çıxıb. Abidənin içərisinə girirəm, mənə onun memarlığı o qədər doğma gəlir ki. Özümüzə xas, ənənəvi yerli memarlıq üslubu o dəqiqə diqqəti cəlb edir. Bəs qala nə üçün Pəri qalası adlanır. Təbii ki, bu ad altında Azərbaycan ərazisində çox qalalar var. Həmkarım Məhəmməd müəllim bəzi məlumatları verir. Qala qədim Alban abidəsidir. Təbii ki, islamaqədərki inanclarımızı yerinə yetirmək üçün insanlar buraya toplaşıblar. Qalanın yerləşdiyi ərazi də qədim yaşayış məskənidir. Burada başqa abidələr də var. Ərazi bütövlükdə 15-16 əsr bundan əvvəlki dövrün canlı səlnaməsidir. O qeyd edir ki, keçən əsrin 70 –ci ilinə qədər qala öz ilkin görkəmini demək olar ki, saxlayıb. Onun divarları şəkillərlə bəzədilibmiş. Qalanın Şimal divarında Məryəm ananın iri şəkli olub. Çöx güman ki, yerli insanlar bu şəkilə görə onu Pəri qaqlası adlandırıblar. Qalanın möhtəşəm günbəzi, divarlarında səsin akustikasını almaq üçün düzəldilən bardaq oymalar həmin ilə kimi yerində qalıb. Əsrlər keçməsinə baxmayaraq zamanın gərdişi bu gözəl abidənin düzənini poza bilməmişdi.
Ötən əsrin 70 ci illərində rayonda, bəlkə qonşu rayonlarda da belə olub, “qızılaxtaranlar” peyda olur. Həmin illər mən uşaq idim, amma xatırlayıram. Söz yayılmışdı ki, qədim abidələrdə guya qızıl gizlədilib. Onsuzda sayca çox olmayan abidələrimiz, ifadəmə görə üzr istəyirəm, bu əclafların güdazına getdi. Rayon ərazisində elə bir abidə yoxdur ki, onlar tərəfindən partladılmasın. O gözəlim Pəri qalası da belə bir vandalizmin qurbanı olur. Onun günbəzi dinamitlə partladılır. Partlayışın zərbəsindən divarlardakı bütün şəkillər suvaq qarışıq tökülür. Divarlar bir çox yerdən uçur. Bu vəhşiliyə bir son qoyan olmur.
Həmin ildən 40 il keçib. Nə dəyişib. Məncə heç nə. Abidənin qorunması istiqamətində heç bir iş görülməyib. Onun divarına bir lövhə belə asılmayıb.
Bələdçimiz Nurəddin deyir ki, bu yaxınlarda uşaqlar dedilər ki, yenə meşədə qalanın yaxınlığında bir qrup gürcü məskən salıb. Cəld əraziyə gəldik. Gördük ki, 4-5 nəfərdirlər. Neçə gündür burada yerləşiblər. Əməlli başlı işlə məşğuldurlar. Biz, yerli sakinlər, onları buradan çıxardaraq uzaqlaşdırdıq...
Bəli, bu faktdır. Tarix ona sahib çıxanındır. Yenə gec deyil, mən konkret olaraq kiminsə adını çəkmirəm, bu işin məsuliyyətini kim  çəkməlidirsə işə başlamağın vaxtı çoxdan çatıb. Qərib bir meşədə, çox qərib bir şəraitdə tariximiz bizi gözləyir. Nə qədər ki, hər şey məhv olmayıb o gözəlim Pəri Qalasına sahib çıxaq.
Qaladan ayrıldığımda içimi qərib bir hiss bürüdü, elə bildim ki, doğma, əziz bir adamı meşədə kolun-kosun arasında, atılmış vəziyyətdə qoyaraq gedirəm. Çönüb arxama bir-neçə dəfə baxdım, söz verdim ki, onun yanına bir də, bir də yox, dəfələrlə qayıdacağam. Özü də tək yox...
Elmira Mehdiqızı
26 noyabr 2013-cü il