пятница, 10 марта 2023 г.

 

İctimai Birlik Qax rayonunun Qum kəndində

 maarifləndirici tədbir keçirdi

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki   qanunvericiliklə bağlı  maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Qax rayonu, Qum kəndində  20 nəfər şəhid ailələri, qazilər və veteranların iştirakı ilə  maarifləndirici tədbir keçirildi.

Tədbir 1988-ci ildən üzü bəri Qarabağda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

    Tədbiri giriş sözü ilə layihə rəhbəri və eyni zamanda təşkilatın sədri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış edir. Qeyd edir ki, ordumuz 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük müharibədə qəsbkar erməni işğalçıları üzərində misli görünməmiş qələbə qazanaraq 30 ildən artıq bir zamanda  işğal altında  olan torpaqlarımızı azad etdi. Müharibə bitsə də onun bizlərə buraxdığı izləri  silmək, qazilərimizin, veteranlarımızın, şəhid ailələrinin normal həyata qovuşmaları üçün zaman lazımdır. Müharibə həyatımıza yeni reallıqlar gətirdi. Qələbəyə sevinirik, Lakin unutmamalıyıq ki, ətrafımızda müharibənin odu-alovundan çıxan çox sayda insan və bu insanların ailələri var.  Bu artıq bir problemdir və o problemin həllində QHT-lər fəal iştirak etməlidirlər.Müharibəyə üç silahdaş qoşulur. Biri şəhid olur, biri yaralanaraq əlil olur, biri də veteran olur.  Bunların hər üçü bizim üçün əziz olur. Layihədən onların əhəmiyyətli hissəsinin faydalanmasına səy göstərəcəyik.

Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı belə layihələrin icrası bu cəhətdən aktualdır. Həyata keçirilməsini nəzərdə tutduğumuz bu layihədə tədbirləri Zaqatala, Qax və Balakən rayonlarında icra etməyi nəzərdə tutmuşuq. Müxtəlif millətlərin kompakt halda yaşadığı bu bölgənin igid oğullarının qəhrəmanlıqları bu gün də dillərdə gəzir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək demişdir:- Bu rayonlarda yaşayan şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının da dövlətin sosial siyasəti və  bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirilməsinə ehtiyacı vardır. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub.Həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi  aparılmasına ehtiyac vardır.

İştirakçıların fəal surətdə qoşulduğu müzakirələrdə onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilir, onların həll etmək istədiklərini vurğuladıqları bütün məsələlərin qeydiyyatı aparılır. Bu barədə müvafiq qurumların qarşısında məsələ qaldırılmasına səy göstəriləcəyi bildirilir.   

   Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev bildirir ki, Qum kəndi çox da böyük kənd olmasa da onun oğulları çox vətənpərvər və qəhrəmandırlar. Qarabağ müharibəsi başlanandan üzü bəri bu kənd 10 şəhid verib. 44 günlük müharibədə bu kənddən könüllü olaraq gediş vuruşan gənclərin biri şəhid olub, 3-ü əlillik dərəcəsi alan qazidir, 28 nəfər isə veteran statusu alıb. Bu günki tədbiri əhəmiyyətli sayıram ona görə ki, biz burada həm 1990-cı ildən üzü bəri olan döyüşlərin qazilərini, həm şəhid ailələrini, həm də 44 günlük müharibənin qazilərini və veteranlarını bir arada görürük. Onların hamısı bir amal uğrunda, Vətənimiz Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda döyüşüblər və onlara göstərilən qayğıda dövlət tərəfindən heç bir ayrı-seçkilik yoxdur.

44 günlük müharibədə qəhrəmanlıqla döyüşərək qazi olmuş Nicat Muradov həm müalicəsi, həm də işlə təmin olunması sahəsində dövlətin qayğısından razılıqla danışır. O on gün olar ki, Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

1993-cü ildə Ağdam uğrunda döyüşlərdə qazi olmuş Şıxəliyev Qafar bildirmişdi ki, məşğulluqla bağlı problemlərimiz ya həll olunmur, ya da çox ləng həll olunur. Müddət uzun çəkir.

Aybəniz Mamayeva bildirir ki, qaynı birinci Qarabağ savaşında itkin düşüb, əri isə veterandır. Onun işlə təmin olunmağa böyük ehtiyacı var.

Abit Əfəndiyevin əsas narazılığı əlilliyin təyinatı ilə bağlı idi. O qeyd edir ki, ayaqlarım ciddi zədə alıb, normal hərəkət edə bilmirəm, mənə əlillik vermədilər.

Süleyman Abdullayev bildirir ki, ikinci qrup əlildir. Nədənsə onun müraciətləri heç vaxt həllini tapmayıb. Arı ailələri götürmək istəyib götürə bilməyib, maşın növbəsinə dayanıb ala bilməyib. O qeyd edir ki, avtomobillə təminat üçün qoyulan maddələr sadələşdirilsə yaxşı olardı.

Qüdrət Məmmədov bildirir ki, bir qardaşım şəhid olub, biri də yaralanıb. Vətən darda olsa bir yenə də getməyə hazırıq.

Aliyə Dəhlətkari bildirir ki, 1997-ci ildə qardaşım xidmət zamanı keçirilən əməliyyatların birində itkin düşüb. Ona şəhid statusu verdilər. 10 ildən sonra bu statusu onun üzərindən götürdülər. Bizə heç bir izahat vermədilər. Anamın göz yaşları o gündən qurumur. Qardaşım Həşim Qurbanovun şəhidlik statusunun bərpa olunmasını istəyirik.

Yədulla Rəcəbov  bildirir ki, özü birinci Qarabağ müharibəsində ən ağır döyüşlərdə iştirak edib. 4 oğlu var. Onun 3 oğlu 44 günlük müharibənin iştirakçısı olub. Böyük oğlu Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpədə vuruşub. O torpaq sahəsi istəyir.

Qeyd etdiyim və etmədiyim çıxışlarda deyilən hər bir problem ekspert tərəfindən qeyd edildi və bu problemlərin həll olunma mexanizmləri iştirakçılara izah edildi. Bu problemlərə hüquqi aspektdən qiymət verildi. Məlum olur ki, kənd adamlarının çoxunun qarşılaşdığı problemin həll olunmamasına səbəb onların müraciətin ünvanını və mexanizmini dəqiq bilməmələri olmuşdur.

Qax Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev və İcra Hakimiyyətinin Qum kəndi üzrə nümayəndəsi Abdulla Əliyev də  irəli sürülən təklif və fikirlərə öz münasibətlərini bildirdilərərək iştirakçıların suallarını cavablandırırlar. Birmənalı olaraq isə torpaqla bağlı məsələlərə bələdiyyəyə ərizə ilə müraciət etmələrini tövsiyə etdilər.

Gəldiyimiz qənaət bundan ibarət oldu: qazilərimizin, veteranlarımızın, şəhid ailələrinin qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi  aparılmasına ehtiyacı vardır.

    Çay süfrəsi arxasında davam edən tədbir iştirakçıları razı salır və onlar belə layihələrə daha geniş yer verilməsini məqsədəuyğun bilirlər.













четверг, 2 марта 2023 г.

 

Agentliyin dəstəklədiyi layihədə məqsədimiz

müharibə iştirakçılarını maarifləndirməkdir

“Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai Birliyi  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki   qanunvericiliklə bağlı  maarifləndirmə təşəbbüsləri” layihəsinin həyata keçirilməsinə start vermişdi.  Layihə 01 mart 2023-cü ildən 31 may 2023-cü ilə kimi Zaqatala, Balakən və Qax inzibati rayonlarında həyata keçiriləcəkdir. Layihənin məqsədi şəhid ailələri, qazilər və müharibə veteranlarının hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək xarakterli fəaliyyət barəsində onlara ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf şəkildə göstərməkdir.  Müharibə iştirakçılarının hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq,onlar arasında ünsiyyət və əlaqəni möhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirmək əsas məqsədimizdir. Bu  məqsədə çatmaq üçün hər üç rayonda maarifləndirici tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdə daha çox müharibə iştirakçısının, veteranların, qazilərin, şəhid ailələrinin iştirakının təmin olunması bir vəzifə kimi qarşıya qoyulub.

Layihənin hədəf qrupu I Qarabağ müharibəsində və Vətən Müharibəsində şəhid olanların ailələri, qazilər və veteranlar, onların ailələridir. İştirakçıların yaş həddi yoxdur, əsasən isə 18-40 yaş arası nəzərdə tutulub. Layihədən Zaqatala, Balakən və Qax rayonlarının müharibə veteranları və qazilər faydalanacaqlar.  180 nəfər marifləndirici tədbirlərdə iştirak edəcək.

Gözlənilən nəticələr isə belədir; müharibə iştirakçıları öz hüquqlarını, imtiyaz və qanuni mənafelərini daha yaxşı biləcək, Vətən müharibəsi iştirakçılarının bilik və bacarıqları artacaq, Vətən müharibəsi iştirakçıları arasında ünsiyyət və əlaqə möhkəmlənəcək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsi güclənəcək, Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada  müzakirəsi, çap olunan materiallar da minlərlə oxucunu maarifləndirəcək.

 

 

 

среда, 7 сентября 2022 г.








 

 

Agentliyin dəstəklədiyi layihənin işçi qrupu ilə görüş keçirildi

 


03.09.2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində layihənin işçi qrupu və layihəyə cəlb olunan iştirakçılarla görüş keçirildi. 


Görüşdə, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev, layihə üzrə təlimçi Adilə Məmmədova və layihənin eksperti Zəminə Abdulhəmidova ilə yanaşı layihəyə cəlb olunan sahibkar xanımlar da iştirak edirdilər. İlk öncə layihə rəhbəri M. Nağıyev görüş iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə haqqında geniş məlumat verdi. Daha sonra, görüş iştirakçıları layihənin fəaliyyət planını, təlim proqramlarını, təlim gündəliklərini müzakirə etdilər. Təlimlərin mövzuları və hazırlanacaq təqdimatlar üçün təkliflər verildi və layihə rəhbəri tərəfindən bu təkliflər qeydiyyata alındı. Təqdimatların hazırlanması və yoxlanılması üçün təlimçi və ekspertə müvafiq tapşırıqlar verildi. Görüşdə çıxış edən iştirakçıların və işçi heyətin arzu və təklifləri ilə layihənin fəaliyyət planına əsasən təlimlərin və səfərin dəqiq vaxtları müəyyən edildi. Ekspert Z. Abdulhəmidova fəaliyyət planı və təlimlərin mövzuları ilə bağlı çıxış etdi. Layihənin keçirilməsi üçün lazım olan təqdimatın və paylama materiallarının mövzuları haqqında öz fikirlərini qeyd etdi. Təlimlərin həftədə 3 gün olmaqla iş günləri ərzində keçirilməsini məqsədə uyğun hesab etdi. Təlimlərin “Biznes klas” formatında təşkili ilə bağlı çıxış edən təlimçi A. Məmmədova da, təlim gününün 1-ci yarısında nəzəri biliklərin verilməsini və 2-ci yarısında isə yeni biznes sahələrinin yaradılması məqsədi ilə biznes planların yazılması mövzularında təlimin təşkilini, ümumiyyətlə, təlimlərdə iştirak edən qadınların sahibkar olduqlarını nəzərə alaraq mövzuların da onların arzu və istəklərinə uyğun olaraq hazırlanacağını qeyd etdi. İştirakçılardan Şəhla Salamova, Aytac Əhmədova, Rəhimə Rüstəmova qeyd etdilər ki, təlimlərin daha interaktiv, məhsuldar və maraqlı keçməsi üçün həmin təlimlər müzakirə formasında təşkil edilsin. Beləliklə, layihənin fəaliyyət planına uyğun olaraq təlimlərin sentyabr ayının 19-u, 20-si, 21-i, 26-sı, 27-si və 28-ndə keçirilməsi məqsədə uyğun hesab edildi. 2 saata qədər davam edən görüş, məhsuldar və maraqlı keçdi.



“Balans” İMİB-nin sədri və layihə rəhbəri,

 İctimaiyyətlə Əlaqələr Departamenti.

 

 

вторник, 15 февраля 2022 г.

 

12 fevral 2022-ci il Zibil poliqonunda sakinlərlə görüş

İctimai fəal Şəhla Ramazanova ilə birlikdə zibil poliqonuna gedirik. Əslində Şəhlanın da evi sibil poliqonunun yaxınlığında yerləşir. Üç övladı var. Həyat yoldaşı 36 yaşında ürək tutmasından dünyasını dəyişdiyindən Şəhla köçüb anası ilə birlikdə yaşayır. O da evini satmaq istəyir. Alıcı tapa bilmir. Bu ərazidən ev alanlar olmur. Birincisi zibilliyə görə, ikincisi də şəhər hesab edilsə də buralara qaz çəkilməyib. Şəhla ilə poliqona zibilin daşındığı gigiş yoluna gedirəm. İnsan dəhşətə gəlir. Şəhərin bir addımlığında belə bir vəziyyətin olmasına. Poliqonun həm şəkillərini çəkirəm, həm də video çəkirəm. Bunlarsız hesabat bu görüntülərin acınacaqlı vəziyyətinə heç kəsi inandıra bilməz. Poliqonun yuxarı hissəsi ilə yaşayış evləri arasında bufer zona belə yoxdur. Poliqon sahibsiz itlərin yığışdığı yerdir. Onların bir dəstəsini görürəm və özümü təhlükəyə atmaq istəmirəm. Tüstü qalxan yandırılmış ərazinin də şəkillərini çəkib geri qayıdıram. Burada sakin Arzu Əliyevanı görürəm. O deyir: mənim ailəm   kasıb yaşayır. Ümumiyyətlə bu ərazidə yaşayan insanların hamısı kasıb ailələrdir. Bir balaca imkanı olan evini tərgiyib burdan gedib. Bizim isə gedəcək yerimiz yoxdur. Qazımız yoxdur. Ona görə mən uşaqlarım soyuqda qalmasınlar deyə bu zibillikdən tullanan ağac budaqlarını yığıram.

 

 


 

İkinci müsahibim Yadigar Əmirxanov olur. O 10 ildir ki burada yaşayır. Yolun kənarı ilə gedən işıq dirəklərini göstərərək bildirir: baxın, işığı da biz sakinlər çəkmişik. Əslində o dirəklər standart deyil və onlarla işıq aparmaq çox təhlükəlidir. Lakin, işıqsız nə qədər oturaradıq. Bir-gün, iki gün deyil, diz burda yaşayırıq. “Bəs burada zibil poliqonu ola-ola niyə burda məskən salırdınız? Kim verib bu torpağı sizə? Niyə müraciət etmirsiniz? ” Suallarım o qədər çox idi ki. Söhbətimizə qoşulan sakinlər də Yadiğarla eyni fikirdə idi və eyni sözləri dediklərindən mən bu fikirləri qruplaşdıraraq yazmağı qərara aldım.

 

 


Onları aldadıblar yoxsa ....

Sakinlər bildirirlər ki, torpaq sahəsini onlara Göyəm kənd bələdiyyəsi verib. İnadla bildirib ki, poliqon tezliklə ordan köçürüləcək. 2017-ci ildə isə bu ərazi şəhər bələdiyyəsinə daxil edilib. Onlara torpaq verən bələdiyyə sədri də dünyasını dəyişdiyi üçün sakinlər bilmirlər hara müraciət etsinlər.    Deyildiyinə görə yer ayrılıbmış, həmin yer də qonşu kəndin ərazisi olduğundan kənd sakinləri buna imkan verməyiblər.  Düzü müəyyən etmək çətindir ki, kim-kimi aldadıb. İnsanlara düz zibilliyin ortasında həyətyanı sahəsi verənlər görəsən onların sonrakı taleyini düşünmüyüblərmi. Bu insanlar həyatlarını pis üfunətli havanı udmaqla, ilan, kərtənkələ ilə mübarizə aparmaqla, zəhərli milçəklər dişləməklə, yandırılan zibilin tüstüsündə boğulmaqla keçirməyə məcburdurlar. Onlar yuva qurduqları yerin belə olacağını əvvəldən təsəvvür etməyiblər.

 


Niyə müvafiq qurumlara müraciət edilmir

İnsanlar hara müraciət edəcəklərini bilmirlər. Çünki, müraciət etdikləri ünvanlardan qənaətbəxş cavab ala bilməyiblər.

Tinay Bilalova bildirir ki, çox ünvanlara müraciət ediblər. Heydər Əliyev fonduna, Ekologiya və təbii sərvətlər Nazirliyinə, yerli Bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən və bələdiyyədən bildirirlər ki, poliqon üçün uyğun yer yoxdur. Zaqatalanın torpaq ehtiyatı azdır, hamısı da yaşayış məntəqələrinə yaxındır.

 


Ötən il 2021-ci ildə ərazidə yaşayan qadınlar (100-ə yaxın qadın) 3 dəfə etiraz mitinqi keçiriblər. Onlar səhər tezdən poliqona zibil daşıyan maşınların qarşısını kəsiblər. Əraziyə polis cəlb olunub və mitinqçiləri dağıdıblar. Bu vaxtı onlarla birlikdə olan adının çəkilməsini istəməyən jurnalisti isə həbs ediblər. Belə olduqda o jurnalisti azad etmək üçün imza toplanılıb. “Bəs, kişilər nə üçün sizinlə birlikdə mitinqdə iştirak etməyiblər?-” sualıma dedilər ki, kişiləri o dəqiqə həbs edəcəkdilər. Qadınları heç olmasa xəbərdarlıqla buraxıblar. Biz kasıb insanlarıq, polislə necə baş-başa gələk.

Bu yaxınlarda ARB TV kanalının da burada çəkiliş etdiyini bildirirlər. O süjet 14 fevralda efirə gedəcək.

Zaqatatala  şəhəri üzrə İcra nümayəndəsi sakinlərə poliqonun 2021-ci ilin payızına kimi köçürüləcəyini və yerində park salınacağını deyib, lakin bir nəticə olmayıb. Sakinlərin gözü yolda, könlü isə intizardadır.

Xəstəlik mənbəyi

Mən Tərlan Hacıməmmədovu ürək ağrısı ilə dinləyirəm. Onun evi ilə poliqon arasında məsafə belə yoxdur. “Mən 39 yaşımda evlənmişəm, səbəb də evimin olmaması idi. Əlimin zəhməti ilə dolanıram. İki körpə uşağım var. Bu evi də güc-bəla ilə tikmişəm. Kaş ki, tikməyəydim. Mənim uşaqlarım , mənim ailəm çox pis şəraitdə yaşayırıq. Mən evimdə vətən üçün əsgər böyüdürəm. O gün uşağa milçək dişdəyib pis günə düşmüşdü. Həkim dedi ki, zəhərli milçək dişləyib. Uşağı zor-güc xilas etdik. Bizim həyatımızın hər anı təhlükəlidir.”

 

Qanun nə deyir

Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəslində 39-cu  maddədə əks olunmuşdur:         

        I Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

       II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

  Sağlam ətraf mühitdə yaşamaq hüququ insanın fundamental  hüququdur. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ  ilk dəfə 1972-ci ildə  BMT-nin “Ətraf Mühitə dair” Stokholm konfransında geniş müzakirə olunmuşdur. 

 



 

Amerika qanunvericiliyində, yəni ştatların bir çoxunun qanunlarında belə bir müddəa vardır: “Yaşamaq hüququ hətta insan ana bətnində olduqda belə qorunmalıdır.” 

 Sağlam ətraf mühitdə yaşamaq hüququ dövlətin qarşısında ətraf mühiti qorumaq vəzifəsi qoyur.

Azərbaycan Respublikasında ətraf mühitlə bağlı bir çox qanunlar qəbul olunmuşdur.  “Ətraf mühitin mühafizəsi haqqında”,  “Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun Qanunları, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 1997-ci il 30 dekabr Qanunu, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”  1992-ci il qanunları bunlara misaldır. “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanununa görə insanların sağlamlığının ətraf mühitin mənfi təsirlərindən qorunması üçün  tədbirlərin görülməsini vacib sayır.   

Ekoloji nasazlığın zərər yetirə biləcəyi birinci varlıq insandır. İnsan isə bəşəriyyətin ən ali varlığıdır. Biz bu varlığı qorumaq və əsas insan hüquqlarından biri olan sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək üçün konkret iş görməliyik.  Təbii ki, hər kəs öz sahəsində  bunu etməlidir. Hüquqşünaslar bunu qanunvericilikdə, istehsalçılar bunu müasir texnikaların köməyi ilə ətraf mühitə minimum ziyan verməklə  və s. edə bilərlər. Çünki  hərbirfərdinhəyatıhəqiqətənçoxdəyərlidir.

 

Regional poliqonlar

 

“Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb:

“Həmin poliqonlarda daşınacaq ötürücü stansiyaların yaradılması nəzərdə tutulub. “Bu proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur.

 

Görəsən yaradılacaq regional poliqonların siyahısında acınacaqlı vəziyyəti olan Zaqatalanın adı varmı?

Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyenavə ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin21 aprel 2005-ci il tarixli 74 №li qərarı vardır. Qərarın 7.4 bəndində deyilir:

7.4.    Poliqonlar üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir:

 

-   sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalıdır;

-   qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir);

-   çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir;

-   şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.

 

 

 

вторник, 18 января 2022 г.

 

Bizim müsahibə

Müsahibimiz Gigiyena  Epidemiologiya Mərkəzinin baş həkimi Ərşad Qüdrətoğludur

-Ərşad həkim,İnsan sağlamlığında təmiz ekoloji mühitin rolu nədən ibarətdir?

-Əvvəla onu qeyd edim ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Təbii ki, bütün bunların əsasında təmiz ekoloji mühit durur. Bu gün bütün dünya ekoloji muhitdə gedən ciddi dəyişikliklərdən narahatdır. Bu dəyişikliklər artıq insanların həyatına, sağlamlığına təsir edir, gələcək nəslin inkişafında öz mənfi fəsadlarını göstərməkdədir.

Yaşadığımız rayon təbii ehtiyatlarla zəngindir. Xüsusən, meşə ərazilərinin çoxluğu, yaşıllıqlar, sıx ağac örtüyü ilə çevrələnən dağ massivləri elə təəssürat yaradır ki, Zaqatala rayonunda belə problemlər yaşanmaz. Lakin, unutmaq olmaz ki, biz də bu planetin kiçik bir parçasıyıq və orada baş verən hər bir proses bizə də təsirsiz ötüşmür. Elə götürək fəsillərdə olan dəyişiklikləri. İndi yanvar ayıdır. Lakin havalar heç də qış mövsümünə uyğun keçmir. Hələ də qar yağmayıb. Halbuki, belə hava şəraiti bizim rayonumuz üçün uyğun deyildir. İlin-günün bu vaxtında onilliklər əvvəl yerdə mütləq qar olurdu. Qarın yağması isə təmiz hava deməkdir, mikrobların ölməsi deməkdir, torpaq üçün məlhəmdir. Deməli, bütövlükdə mühitdə gedən proseslər, buraya suda, quruda aparılan sınaqlar, atmosferə atılan zəhərli qazlar, təbiətə atılan tullantılar və onlarla digər səbəblər daxildir, buna ciddi təsir göstərir. Alimlər bununla bağlı öz sözlərini desələr də, insanlar etiraz səslərini qaldırsalar da hələlik  planetin qorunmasında ciddi bir irəliləyiş yoxdur və bu da gələcəyimizi təhlükə qarşısında qoyur.

-Zaqatala şəhərində ekoloji mühiti pozan faktorlar hansıdır?

- Zaqatala hər zaman öz gözəlliyi, təmizliyi ilə seçilən şəhərlərdən olub. Lakin, şəhərimiz gündən-günə böyüyür, əhalinin sayı artır və bu da özü ilə birlikdə bir sıra gigiyenik və epidemioloji vəziyyətə təsir edən problemlər doğurur.  Şəhər ərazisindən bir-neçə çay axır. Əhali ilə nə qədər iş aparılsa da çay kənarına zibil atılması məsələsinə son qoyulmur. Su kənarlarında bir də görürsən ki, nəhəng zibil qalaqları yığılıb. 

 

- Bir həkim kimi şəhərdə, ümumiyyətlə rayonda məişət tullantılarının idarə olunması sizi qane edirmi?

- Ümumiyyətlə, şəhərdə zibil tullantıları idarə olunmur desək bu düzgün olmaz. Komunal Müəssisələri Kombinatı bunun üçün var gücü ilə çalışır. Rayon rəhbərliyi hər daim bu işi öz nəzarətində saxlayır. Lakin, bu elə sahədir ki, orada işin qurulması əhalidən də çox asılıdır. Zibilin küçəyə müəyyən saatlarda çıxarılması, kənar küçələrin də zibilinin daşınması, bayram günlərində şəhərin təmizliyinə fikir verilməsi və sair hamının nəzarətində olmalıdır. Şəhər ərazisinə 260 ədəd konteyner qoyulmalıdır. Hal hazırda 90 konteynerə ehtiyac var. Şəhər ərazisində məişət tullantılarını 14 nəqliyyat vasitəsi daşıyır, 5 nəqliyyat vasitəsinə ehtiyac vardır. Konteyner meydançalarında dezinfeksiya və dezinseksiya işləri aparılmır.

Rayonun kəndlərində zibil poliqonları yoxdur. Zibil kənd yollarının kənarına, meşə ərazilərinə, əkin sahələrinin kənarına atılır ki, bu da yol verilməzdir.

- Zaqatala şəhərinin zibil poliqonu ilə tanışlığınız varmı və yeni yaşayış massivinin düz poliqon ərazisində olmasına siz necə baxırsınız.

- Zibil poliqonu məsələsi hal-hazırda rayonda öz həllini gözləyən bir nömrəli məsələdir. Bu yaxında biz bununla bağlı baş idarəyə də arayış təqdim etmişik. 60 ildən artıqdır ki, poliqon fəaliyyət göstərir. Yeni poliqon üçün Rayon İcra Hakimiyyəti də müvafiq nazirliklərə müraciət edib, lakin hələlik heç bir müsbət cavab yoxdur.  Birmənalı olaraq poliqon ordan köçürülməlidir, çünki, yeni yaşayış massivi düz poliqon ərazisinə düşür. Şəhər o istiqamətdə inkişaf edir.

Hal hazırda poliqonda tullantılar basdırılsa da, burada daim texnika çalışsa da ora sanitar tələblərinə cavab vermir. Ərazi çəpərlənməyib, sanitariya mühafizə zonası yoxdur. Ümid edirik ki, bu problem yaxın vaxtlarda öz həllini tapar.

Müsahibə üçün çox sağ olun.

Müsahibəni apardı:

Elmira Mehdiyeva

 

 

 

понедельник, 10 января 2022 г.

Layihə çərçivəsində ictimai vəkillik həyata keçiriləcək

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə FHI 360 (Ailə Sağlamlığının Qorunması Üzrə Beynəlxalq Təşkilatı) Azərbaycanda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) fəaliyyətini həyata keçirmək məqsədi ilə respublikamızın 15 rayonunda müxtəlif ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə start verib. Bu layihələrdən biri də “Zaqatala şəhərində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirələrin və ictimai vəkilliyin təşkili” layihəsidir.

Zaqatala rayonunda istehsalat və məişət tullantılarının yerləşdirilməsi, məhv edilməsi və basdırılması üçün Zaqatala şəhəri ərazisində 1960-cı illərin əvvəllərində sahəsi 2,0 hektar olan poliqon yaradılmışdı. Həmin dövrdən rayonda istehsalat və məişət tullantılarının idarə olunması Zaqatala Kommunal Müəssisələri Kombinatı tərəfindən həyata keçirilir. Ötən 60 il ərzində şəhər əhalisi iki dəfədən çox , Zaqatala şəhərinin ərazisi 4 dəfədən çox artmışdır. Hal hazırda Zaqatala şəhərində yaşayan əhalinin sayı 35 minə yaxınlaşmışdır. (Zaqatala rayonunun əhalisi isə 130 mini keçir.) Bu isə o deməkdir ki, uzun illər istismar olunan və Zaqatala şəhərinin ərazisinin böyüməsi ilə əlaqədar yaşayış massivlərinə yaxın ərazidə yerləşən məişət tullantılarının utilizasiyası poliqonu istismar müddətini bitirmişdir. Keçən dövr ərzində əlavə poliqonlar yaradılmadığından, məişət tullantılarının zərərsizləşdirilməsi və emalı üçün burada şərait olmadığından bu poliqon şəhərin tələbatını tam ödəmir. Hal hazırda şəhərin yeni yaşayış massivi demək olar ki, bu zibilliyin bir addımlığındadır.  Halbuki, standartlara görə zibil poliqonu yaşayış yerlərindən azından bir kilometr aralıda olmalıdır.

Layihəni həyata keçirilməsinin ümumi strateji məqsədi yaşayış massivindən standartlara uyğun uzaqlıqda yeni zibil poliqonunun yaradılması ilə 10 minlərlə insanın təmiz ekoloji mühitdə yaşamasına nail olmaqdır. Layihə çərçivəsində insanların ekoloji maarifləndirilmə aparılacaq, görüşlər təşkil olunacaq, sorğular  keçiriləcək.

Layihədə tərəfdaş təşkilat kimi “Rüzgar” İB, “Balans” İB və “Yeni Fikir”JHİB  koalisiya formasında çalışacaq və problemin həlli istiqamətində ictimai vəkilliyin təşkilində fəallıq göstərəcəklər.

        

                                                                                                                                Şəhla Ağayeva