суббота, 20 ноября 2010 г.

Çox ləziz və ləzzətlidir

      Ağzımızın dadı çox müxtəlifdir.  Amma nə qədər müxtəlif olsa da ləzzətli və dadlı yeməkdən aldığımız həzz    oxşar olur. "Əlinə sağlıq, bunu necə bişirmisən",-deyə onun tərifini öyrənməyə çalışırıq. Milli mətbəximiz o qədər zəngindir ki, hələ də çoxlarının bilmədiyi xörəklərimiz var.

Hər bölgə özünəməxsus yeməkləri ilə seçildiyi kimi Zaqatala da öz yeməkləri ilə seçilir. Bu bölgənin yeməkləri qış aylarında əsasən qurudulmuş ətdən və xəmirdən hazırlanır. Qış fəslini qaxacsız (yəni mal ətinin və ya qoyun ətinin qurudulmuş forması) təsəvvür etmək mümkün deyil. 

Mən bu bölgədə geniş yayılmış sürhüllünün tərifini vermək istəyirəm.
Sürhüllü bişirməyi anamdan öyrənmişəm. Uzun illərdir ki, onu bişirirəm və yeyənlər də məmnun qalırlar. İllər keçdikcə sürhüllünün hazırlanmasında xeyli təkmilləşmə etmişəm.

İlk əvvəl bir qədər qurudulmuş ət götürürsən. Bəzi insanlar köklüyü az olan heyvanın ətini xoşlayır, lakin hazırladığımız bulyon bir qədər yağlı ətin qaxacından olanda daha dadlı olur. Qaxacı onun üstü örtülənə qədər su tökərək bişiririk. Suya bir baş soğan əlavə edirsən. Duz əlavə etməyə ehtiyac olmur. Hər halda duzuna baxmaq lazımdır. Bəzən qaxacın duzu az olur, onda bişirdiyin qaxaca bir az duz əlavə edirsən. Bulyon hazır olanda ona qurudulmuş ət otundan (buna kababotu da deyirlər) zövqə görə əlavə edirsən.



Bulyon hazır olunca kənarda xəmir yoğurursan. 0,5 və ya 1 kg undan 3-4 nəfər doyası sürhüllü hazırlamaq olur. Xəmir su və un ilə yoğrulan adi xəmirdir. Xəmirə bir az duz da əlavə edirsən və o nə çox bərk, nə də çox yumşaq olmalıdır. Hazırladığımız xəmiri bir az dincə qoyuruq sonra isə xırda kvadrat formada kəsirik. Kəsilmiş hissələr sağ əlin şəhadət barmağı ilə eşilir. Eşilmiş xəmir nazik olmalı və bişərkən onun içinə su dolmalıdır ki, yaxşı bişsin. Eşilmiş xəmirləri tabağa yığaraq qazana tökmək üçün hazır qoyuruq.


Başqa bir qazanda su qaynadırıq. Qazana duz əlavə etməyi unutmamaq lazımdır. Suya qaynaya-qaynaya xəmiri tökürük. 3-5 dəqiqə qaynayandan sonra süzgəclə süzərək bişmiş sürhüllünü geniş qaba çıxarırıq. Onun üzərinə əvvəlcədən hazırladığımız bulyonu əlavə edərək qaxacın ətini üstdən qoyuruq. 


Sürhüllünü süfrəyə verərkən yanında sarımsaq və türşu da qoyuruq. Qış aylarında, xüsusilə qar yağanda sürhüllü çox ləziz və ləzzətli olur. Sürhüllü bədənə istilik verdiyi üçün soyuq havada ləzzət edir. Onu da qeyd etmək istəyirəm ki, indi sürhüllünü yay aylarında yaş ətlə də hazırlayırıq. Bu zaman təzə sümüklü ətdən şorba hazırlanır, onun üzərinə göyərti (kişniş və şüyüd) doğranır. Xəmir eyni ilə hazırlanır.


Sürhüllüyə bu bölgədən olmayan çox insanları qonaq etmişik. Hamının dadı damağında qalıb.
Siz də hazırlaya bilərsiniz. Unutmayın ki, ilk öncə ət qurutmalısılnız. Noyabr, dekabr ayları ət qurutmaq üçün ən münasib aylardır. Əti bir az iri tikələr formasında kəsirsən. Ət çox qalın olmamalıdır. Qalın yerlırini iti pıçaqla çərtirsən ki, arasına duz yaxşı keçsin. Əti yaxşıca duzlayıb sərin yerə qoyursan ki, onu duz kəssin. İki gündən sonra əti bir ağac parçasına düzərək peçin üstündən, bir qədər hündürdən asırsan. Peç sönməməlidir. Əks halda durutduğunuz ətə xoşa gəlməz dad və iy ola bilər. 7-10 günə qaxac hazır olur. 3kq yaş ətdən 1kq quru qaxac hazırlamaq olur.


Nə deyim, hamınıza nuş olsun!
                               

пятница, 19 ноября 2010 г.

Payizin gozelliyi

Fəsillərdən ən gözəlidir payız. Ruha sakitlik, duyğulaımıza isə inanılmaz rəngarənglik verir. Ətrafımızda o qədər gözəlliklər var ki, insan baxmaqdan doymur. İlahinin insanlara bəxş etdiyi bütün rəng çalarlarını bu gözəl fəsildə görmək olur.
Azərbaycanımızın dilbər guşəsi olan Zaqatalada payızı duymaq, onunla iç-içə yaşamaq bir başqa zövq verir. Ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, ara-bir yağan yağışın üzərinə tökülən damcıları altında islanmaq insanı sanki yenidən doğulmuş kimi edir.
Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Payız toy-düyün, sevgilərin qovuşduğu fəsildir. Payızı sevirəm, çünki həyatı sevirəm. Payızı sevirəm, çünki payız təbiətin müdriklik çağı, kamilliyidir. Payızı sevirəm, çünki payız təbiətə çox yaraşır.
Payızda yağan yağışın torpağa döşərkən damcıların rəqs səsi, uçuşan yarpaqların xışıltısı, coşub-daşan dağ çayının sularının şaqraq səsi sanki möhtəşəm bir simfoniyadır. Payız həzin bir mahnıdır, payız rəssamın hələ çəkmədiyi, lakin çəkmək arzusunda olduğu tablodur. Payız əhval-ruhiyyədir. Ona hansı əhvalla baxsan onu elə də görəcəksən. Payıza sevgiynən bax ki, seviləsən, payıza mehri-məhəbbətnən bax ki, həyata məhəbbətin artsın.