пятница, 27 мая 2016 г.

"Burada heç vaxtı milli zəmində söz-söhbət olmur"

   

    “Yeni Fikir” JHİB “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının milli azlıqlar arasında təbliğinə dəstək” layihəsi çərçivəsində Balakən rayonu, Katex kəndində  avar icmasının nümayəndələri üçün “Azərbaycan, yurdum mənim” interaktiv müzakirə keçirmişdir.
    Müzakirədə 30-dan çox yeniyetmə gənc və digər yaş qrupundan olan insanlar iştirak etmişdir.
    Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri olan Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir. O iştirakıəlara baneri vizual olaraq göstərərək qeyd etmişdir ki, təşkilat artıq yarandığı gündən bəri Azərbaycan Respublikasının                                      Prezidenti yanında Qeyri-Hökumət                               Təşkilatlarına Dövlət Dəstəyi Şurası   ilə əməkdaşlıq edir .Təşkilat Şuranın dəstəklədiyi 6 layihəni    həyata keçirib. İctimai əhəmiyyət kəsb edən məsələlərin bu bölgədə yaşayan əhaliyə çatdırılması istiqamıtində maarifləndirici tədbirlər həyata keçirib. Bu layihə də uğurla davam edir. Keçirdiyimiz hər bir tədbir iştirakçılar tərəfindən maraqla qarşılanır, iştirakçılar maraqlı təkliflərlə, gənclər kreotiv yanaşmalarla  müzakirə etdiyimiz məsələlərə öz münasibətini bildirirlər.  
Təlimçi də bildirir ki, 28 May, Azərbaycan Demikratik Respublikasının yaranması günü ərəfəsində milli azlıqların toplum halında yaşadığı bu ucqar nöqtədə görüşün keçirilməsi çox əlamətdardır. Məktəbinizdə dərslər rus dilində keçilir. Kəndin bu ərazisi çox mənzərəlidir. Hər tərəfdən dağlarla əhatə olunub. Burada təkcə avarlar yox , ruslar, Azərbaycanlılar, saxurlar, belaruslar və digər millətlər yaşayırlar. Burada multikultural bir mühit vardır ki, insanlar biri-biri ilə çox səmimidirlər. Biri-birinə o qədər qaynayıb-qarışıblar ki, onları ayırmaq belə mümkün deyildir.
O, layihədə nəzərdə tutulan milli-mənəvi dəyərlər, Azərbaycançılıq məfkurəsi, Azərbaycan dilinin qorunmasının vacibliyindən, bu sahədə məktəblərin üzərinə çox iş düşdüyündən danışır.
Müzakirəni keçirdiyimiz məkanın, Katex kənd zavod tam rus orta məktəbin direktoru Rəfiqə müəllimə həm bizə, həm də tədbirdə iştirak etmək üçün gələn kəndin digər 5 məktəbinin nümayəndələrinə xoş gəlmisiniz deyir. Layihənin mövzusunun aktuallığını vurğulayır. Qeyd edir ki, onların məktəbi beynəlmiləl məktəbdir. Bu məktəbdə 10-dan çox millətin nümayəndələri oxuyur. Multikultural dəyərlər burada çox yüksəkdir. Sizin missiyanızı alqışlayıram. Bu gün məktəbimizə sanki yeni bir ab-hava gəlib. Bizim deməyimiz başqa, sizinlə və qonaqlarla birgə toplaşıb çoxmillətli bir mədəniyyətdən, bu mədəniyyətin fövqündə dayanan Azərbaycan dilindən və Azərbaycançılıqdan danışmaq həqiqətən hər kəsə çox gözəl təsir bağışlayır. Gördüyünüz kimi məktəbimiz bir az ucqar yerdə yerləşir. Məktəbimizə kənardan qonaq demək olar ki, gəlmir. Sizin gəlişiniz bizə yeni bir ruh verdi. Burada heç vaxtı milli zəmində söz-söhbət olmur. Bu xalqlar tarixən yanaşı yaşayıblar və bu gün də bu ənənə davam etdirilir. Bizim bir vətənimiz var-Azərbaycan, onun dövlət dili Azərbaycan dilidir. Bu dili bilmək, vətənə layiqli olmaq hər kəsin borcudur.
Məktəbin müəllimi Gülcan Qəzənfərli qeyd edir ki, məktəbin şagirdləri Azərbaycan dilini çox gözəl bilirlər. Biz bütün tədbirlərimizdə milli dəyərləri qorumağa çalışırıq.Tədbirlərimizdə rəngarıng musiqilər olur ki, bu da bir çələng kimi qəlb oxşayır.  Kəndimiz tarixi abidələr baxımından da çox zəngindir. Bu abidələri uşaqlara tanıtmağa çalışırıq.
Məktəbin psixoloq müəllimi qeyd edir ki, Sizin gəlişiniz şagirdlərimizə əlavə informasiya verir. Onların açılışmasına , fikir söyləmələrinə kömək edir. Mən istərdim ki, bu layihələrdə abidələrə səfərlər daha çox nəzərdə tutulsun. Tariximizi öyrənməkdə abidələri tanımaq önəmli yer tutur.
Katex 1 saylı məktəbdən Simuzər müəllimə deyir, layihəni çox təqdir edirəm. Şagirdlərlə, yeniyetmələrlə birgə belə tədbir onların açılışmasında, sərbəst fikir söyləməsində çox əhəmiyyətlidir. Məktəbimizdə vətənpərvərlik ruhunda çoxlu tədbirlər keçiririk. Aprel döyüşlərindən sonra məktəbimizdə keçirilən tədbirlərdə gördük ki, uşaqların vətənpərvərlik ruhu çox yüksəkdir.
Yenuyetmələrdən İslam Mansurov, Maqomed Salmanov, Lamiyə Balamedova, Fərid Qurbanov və başqaları da Azərbaycanın onların vətəni olduğunu , onun uğrunda döyüşməyə hazır olduqlarını, milli-mənəvi dəyərlərin qorunmasının isə vacibliyini qeyd edirlər.
Ümumilikdə gəlinən fikir bu olur ki, layihədə tarixi abidələrə səfərlərə daha çox yer verilsin.
Elmira Mehdiyeva









четверг, 26 мая 2016 г.



               İngiloylar öz vətənini-Azərbaycanı çox sevirlər

    “Yeni Fikir” JHİB “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının milli azlıqlar arasında təbliğinə dəstək” layihəsi çərçivəsində Balakən rayonu İtitala kəndində ingiloy icmasının nümayəndələri üçün “Azərbaycan, yurdum mənim” interaktiv müzakirə keçirmişdir.
    Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri olan Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir.
Təlimçi İşİbrahimov qeyd etmişdir ki, milli-mənəvi dəyərlərin, Azərbaycan məfkurəsinin və Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə hər bir vətəndaş öz töhfəsini verməlidir. Eləcə də , ingiloylar. Yüz illər ərzində bu yerlərdə məskən salan ingiloyların özlərinin də zəngin mədəniyyəti var. Belə ki, bu mədəniyyət də Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Kənddə gözəl folklor kollektivi fəaliyyət göstərir, kənd mədəniyyət evinin nəzdində folklor mərkəzi vardır.
Kəndin icra nümayəndəsi German Balayev deyir:-biz Azərbaycan vətəndaşıyıq, kəndimizin hər bir sakini Azərbaycan dilində gözəl danışır. Kəndimizdə eyni zamanda azərbaycanlılar, avarlar, gürcülər də yaşayırlar. Biz mehriban bir ailə kimiyik. Bu şəraiti bizə dövlətimiz yaradıb.Euraneus kanalı insanların bu birgəyaşayışından film çəkib. Həmin film Youtubda yerləşdirilib. H.Əliyev fondu da bu yaxınlarda kəndimizdən, ingiloyların həyatından, burada yaşayan digər xalqlarla olan ünsiyyətdən film çəkib. Həmin filmdə adət-ənənələrimiz, məişətimiz, xalq sənət nümunələrimiz, ən əsası da dini, dili başqa olan insanların biribirinə qarşı olan hörməti, qarşılıqlı anlaşma öz əksini tapıb. Həmin film Avropada təqdim olunacaq, avqust ayında isə onun ölkəmizdə təqdimatı keçiriləcək.
Kənd orta məktəbinin tarix müəllimi Məhəmməd Mustafayev deyir:- Hər dəfə söhbət milli azlıqlardan düşəndə mən şəxsən bir qədər sıxıntı keçirirəm. Çünki, bizim kəndimizdə insanlarımız öz həyatlarını kimin hansı millətə aid olduğunu düşünərək keçirmir. Hər kəs öz dilində danışsa da bizi birləşdirən Azərbaycan dili və Azərbaycançılıqdır. Əgər mötəbər kanallar gəlib burada film çəkirlərsə deməli bizim insanlarımızın zəngin milli-mənəvi dəyərləri, milli mətbəxi, musiqisi vardır. Bu bölgədə dəyərlər yüksəkdir. Dostluq münasibətləri var. İnsanlarımız Azərbaycan dilini sevirlər, Azərbaycançılıq ideologiyasına sadiqdirlər. Bizim məktəbimizdə dərslər iki dildə aparılır, Azərbaycan və Gürcü dillərində. Şagirdlərimiz Azərbaycan dilində səlist danışırlar.
İstərdik ki, şagirdlərin tarixi abidələrə səfərləri təşkil edilsin. Bu tariximizi öyrənmək baxımından çox əhəmiyyətlidir.
Ədəbiyyat müəllimi Reyhan Butdayeva, psixoloq Marina Ramazanova,  Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərizə Mamayevagürcü bölməsində Azərbaycan dili və ədəbiyyatı müəllimi Roza Vəliyeva və başqaları Azərbaycan dilini sevə-sevə təbliğ etdiklərini söyləyirlər.
Həvva Allahverdiyeva deyir ki, o başqa kənddən gəlib düz 35 ildir bu məktəbdə işləyir. Həmişə kənd camaatından hörmət görüb. Bu kənddə heç vaxtı milli zəmində söz-söhbət olmayıb. İngiloylar öz vətənini-Azərbaycanı çox sevirlər.
.         Mövzu ətrafında müzakirələrdə gənclər də fəal iştirak etmişlər, iştirakçılar özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycanın onların doğma vətəni olduğunu, onu çox sevdiklərini bildirmiş, həm də Azərbaycanın multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdən olduğunu vurğulamışlar.  İştirakçıları maraqlandıran suallarla cavab verilmişdir.
Gənclərdən Xasi Poliaşvili, Şəlalə Bayramova və başqaları belə müzakirədə iştirak etdiklərinə görə çox sevindiklərini, müzakirənin onların yaddaşında dərin iz buraxdığını qeyd edirlər. Onlar bildirirlər ki, Azərbaycan üçün hər şeyə hazırdırlar. Vətən üçün layiqli övlad olmaq, onun bayrağına, himninə hörmət etmək bütün gənclərin qayəsidir.

Layihənin multikultural dəyərlərin inkişafı və yaşadılmasında əhəmiyyətli olmasını hər kəs öz çıxışında bir daha bildirdi. 






пятница, 20 мая 2016 г.



“Yeni Fikir” Şuranın dəstəyi ilə Saxurların toplum halında yaşadığı
kənddə tədbir keçirdi
          “Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının  milli azlıqlar arasında təbliğinə dəstək” layihəsi çərçivəsində ilk tədbirini Zaqatala rayonundakı Suvagil kəndində keçirmişdir. Saxur icmasının kompakt halda yaşadığı bu kənddə keçirilən  “Azərbaycan, yurdum mənim” interaktiv müzakirə də maraqlı anları ilə iştirakçıların yaddaşında qalmışdır. Müzakirədə 30-dan çox yeniyetmə gənc və digər yaş qrupundan olan insanlar iştirak etmişdir.    Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Elmira Mehdiyeva iştirakçıları layihənin məqsədi ilə tanış etmiş və hamını müzakirədə fəal iştirak etməyə çağırmışdı.
      İştirakçılar çoxmillətliliyin Azərbaycanın böyük sərvəti olduğunu xüsusi vurğulamışlar. Onlar Qarabağ savaşında saxurlu gənclərin necə qəhrəmanlıqla döyüşərək şəhid olduğunu qeyd etmişlər. Bu kənddən olan şəhidlərin xatirəsinə kəndin mərkəzində abidə ucaldılmışdır.
Qeyd edilmişdir ki, müxtəlif xalqların yaratdığı maddi və mədəni  sərvətlər ümumazərbaycan mədəniyyətinin bir hissəsidir Müstəqillik  illərində  milli azlıqlara öz mədəniyyətlərini dirçəltmək, dillərini inkişaf etdirmək imkanları verilmişdir. Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınmış, müxtəlif millətlərin bir ailə kimi yaşadığı diyara çevrilmişdir.
“Zaqatala rayonu öz milli müxtəlifliyi ilə hər zaman seçilmiş və tolerantlığa bir nümunə olmuşdur. Burada birgəyaşayışın gözəl bir modeli formalaşmışdır. Əsrlər boyu 20-dən artıq xalqın nümayəndəsi mehriban bir ailə kimi yaşamışlar”,- bu fikirləri kənd sakini, ağsaqqal Qeybulla Hüseynov demişdir. O qeyd etmişdi ki, saxurların yaratdığı maddi-mədəniyyət nümunələri Azərbaycan mədəniyyətinin bir hissəsidir. Saxurlarda xalq sənəti növləri yaxşı inkişaf etmişdir. El bayramlarında, Novruz şənliklərində bu nümunələr nümayiş etdirilir. Saxurlular öz ana dillərini qorumaqla bərabər Azərbaycan dilini də mükəmməl öyrənir, bu dildə səlis danışırlar. Çünki, Azərbaycan onların vətənidir və Azərbaycan dili də onlar üçün öz ana dilləri qədər doğmadır.
Gənclər də müzakirələrdə maraqlı fikirlər söyləmişlər. Sahib Doluxanov bildirir ki, sosial şəbəkələrdə çox oluram. İndi dünyada ideoloji müharibə gedir. Sosial şəbəkələrdə hər dəfə Azərbaycana Qarabağa aid nəyəsə öz münasibətini bildirmən tələb olunur. Mən bu işdə əlimdən gələni edirəm. Çünki, mən Azərbaycan adlı vətənimi sevirəm, onun bayrağını, gerbini heç kəsin təhqir etməsinə razı olmaram. Ətrafımdakı gəncləri də internetdə olaqkən belə çıxışlara qarşı diqqətli olmağa təşviq edirəm. Azərbaycan dili biz saxurların da dövlət dilidir. Onu mükəmməl bilməsək cəmiyyətə necə inteqrasiya edə bilərik.
Raziyyət Camalova isə bildirmişdir,-mən məktəbdə işləyirəm, müəlliməyəm. Məktəbimizdə saxur dili 4-cü sinifə kimi tədris olunur. Bu ondan ötrüdür ki, dilimizi qoruyaq, onu yaşadaq. Lakin dünyaya çıxışımız Azərbaycan dili ilədir. Odur ki, Azərbaycan dilini böyüyən nəsilin daha yaxşı bilməsinə çalışırıq. Bunun üçün məktəbimizdə “Azərbaycan dili” adlı ədəbi-bədii gecələr, disputlar keçiririk, milli-mənəvi dəyərləri şagirdlərə aşılayırıq.
     Mərasimdə iştirak edənlər layihənin əhəmiyyətini xüsusi vurğuladılar. Qeyd etdilərr ki,  belə layihələr  insanların vətənpərvərlik ruhunu yüksəldir. Tolerantlığın hər cür münaqişəyə, qarşıdurmaya zidd olduğunu, inkişafa, tərəqqiyə xidmət etdiyini layihə çərçivəsində həyata keçirilən tədbirlərin qayəsindən hiss etmək olur.

E.Mehdiyeva








Ön söz
Aşağıdakı yazı 2015-ci ilin fevral ayının əvvəlində " www.powertowomen.az" saytında gedib. Gənc yazar Bənzərə stimul verdim. Bir qədər sonra Bənzər şeirləri və ədəbi nümunələri ilə Türkiyə mətbuatında çap olunmağa başladı. Onun ədəbi nümunələri qardaş ölkənin oxucuları tərəfindən çox yaxşı qarşılandı. Beləliklə bir il keçməmiş Bənzərin bənzərsiz yaradıcılığını nəzərə alan təşkilat komitəsi onu 15-17 mayda keçiriləcək "Nevzen Tevfik Kolaylı Bafra Uluslararası 5.Şiir Şöleni ve Sanat Günlari"ne dəvət edir. 14 ölkədən  şeir həvəskarlarının qatıldığı bu möhtəşəm tədbirdə Bənzər şövqlə yazdığı şerləri oxuyub və tamaşaçıları heyran qoyub.
Bənzər o görüşlərdən böyük təəssüratla qayıdıb və deyir ki, təşkilati dəstək olarsa belə bir “Şeir, sənət günləri”ni məhz Zaqatalada keçirmək üçün əlindən gələni edərdi. “Mən ilk dəfə idi belə mötəbər tədbirdə iştirak edirdim. Bunu özümə uğur hesab edirəm. 14 ğlkənin qatıldığı belə bir tədbir həqiqətən əsil sənət yarışı, yaradıcılıq hesabatı, məsuliyyətli bir iş idi. Mən sevinirəm ki, orada canım qədər sevdiyim Azərbaycanı təmsil edirdim. Məni hansısa bir yaradıcılıq təşkilatı ora tövsiyə etməmişdi. Məni türkiyə mətbuatındakı çıxışlarıma, orada çap olunan şeirlərimə və hekayələrimə görə dəvət etmişdilər. Hasab edirəm ki, ölkəmi layiqincə təmsil etmişəm. Lakin bir arzum var belə bir uluslararası tədbiri burada, Zaqatalada gerçəkləşdirmək. Mən buna çalışacağam.”
Ümid edirəm ki, gənc yazar  Bənzər Ələddin qızının bu arzusu çox kreativdir və o bu arzunu reallaşdıra bilər. Təbii ki, müvafiq qurumlardan ona dəstək olsa. Ona uğurlar arzu edirəm. 





“Həyat bir kənd qızı üçün rəngarəng göy qurşağı kimi olmaz...”

Nə qədər fərqli yazmağa çalışsaq da bir mövzuda ardıcıl olaraq fərqli fikirlər söyləmək çox çətindir. Onsuz da istər yazılı mətbuatı, istərsə də internet səhifələrini oxuyan çox az insan var. İnternet yazarları mənə etiraz edə bilərlər. Deyərlər ki, niyə, bizim ziyarətçilərimiz çoxdur. Səhifəyə baxış sayı hələ oxucu demək deyil. Mən də sevinərdim ki, bizim azərbaycanlı oxucularımızın sayı gündən-günə çoxalsın. Hər halda hər yazıdan heç olmasa nə isə öyrənmək, görüb-götürmək olur. Oxumaq insanın düşüncələrini cilalayan ən gözəl vasitədir. İstəməknən deyil, konkret faktlar başqa sey deyir.
Elə ona görə də, bu dəfə qadınlarımızın həyatına elə birbaşa onların baxış acısından ziyarət etmək istədim. Öz fikirlərimi deyil, onların öz düşüncələrini qələmə almaq istədim. Bəlkə də bu fərqli bir janr kimi səsləndi, bəlkə də qələm dostlarım məni qınayaraq dedilər:”bu necə müsahibədir?” Mən isə onun janrını müəyyənləşdirmək fikrindən tam uzağam. Bilmirəm müsahibədir, bilmirəm sadəcə söhbətdir, hər nədirsə mənim fikirlərini qələmə aldığım şəxs ucqar bir rayonda, ucqar bir kənddə yaşayır. Onun qəribə və maraqlı fikirləri ilə Facebook səhifəsində yazdığı statuslarda tanış olmuşam. Hiss etdim ki, içində yırtıb çıxmaq istədiyi, oralara yerləşmədiyi bir dünyası var. Lakin bunu etmək olmaz. Çünki, kənd qızıdır və qonum-qonşu, qohum-qardaş, ümumiyyətlə kənd buna nə deyər.  Hər halda düşüncələri onunla birgə yaşayır, bəzən həyata küsür, qadın təkliyinə qarşı üsyan etmək istəyir, bəzən də qısılır qəlbinin bir küncünə, orada təsəlli axtarır. O dünyasını dolduracaq bir işlə məşğul olmaq istəyir, amma, necə. Axı, o bir kənd qızıdır. Bu statusdan sıyrılıb çıxmaq elə bilirsiniz asandır. Mən ona elə Fb-dan müraciət yazdım. Və onu da olduğu kimi sizə təqdim edirəm.
-Benzer salam. Sənə bir mövzu demək istəyirəm, onu mənim üçün yaz. "Bir kənd qızının düşüncələri". Burada onun həyata baxışını, sıxıntılarını, ailədə yerini göstərməyə çalış. O özünü xoşbəxt sana bilirmi? Bilmirsə bunun səbəbləri. Tərk edilən qadınlar və s. Yazını inboxa göndərərsən. Gözləyəcəyəm. Çox da gecikdirmə.Həcm məhdud deyil. Nə qədər istəsən yaza bilərsən. Həyat hekayəsi də olar.
Çox keçmədi telefonum işarə verdi ki, mesajın var. Mən, düzü cavabı belə tez alacağımı düşünməmişdim. Afərin, Bənzər! Deyəsən axı... Nə isə. Sevinmişdim və tez mesajı, daha doğrusu yazını oxumaq istədim. Bənzər yazırdı:
"Bir kəndli qızının qələmindən"
Çox düşündüm bu mövzuda yazıya hardan başlayacagımı, necə başlayacağımı. Necə başa düşüləcəyimi bilmirəm, amma bir kəndli qızı olaraq düşüncələrimi yazmaq istədim...Əslində kənardan bəsit görünə bilər bir kənd həyatı və bir kəndli qızının həyata baxışı.. Bəlkə də toplum olaraq yazdığım ücün bunu qəbul etməyəcəksiniz.  Amma coxluq olaraq bu bir gercəkdir...
Həyat bir kənd qızı üçün rəngarəng göy qurşağı kimi olmaz.. Onlar üçün dünyada iki rəng var "qara və ağ"... Bu ağli-qaralı dünyalari icində ümüdlərinə sarılaraq yasayarlar.. Ailə bağı, mentalitet dəyərləri,  çevrənin düşüncələri onlar üçün daha önəmlidir.. və ən acısı isə öz istədikləri kimi deyil başqalarınin istədiyi kimi yaşayarlar..
Əslində elə də böyük arzuları olmaz,  amma buna rəğmən həyatdan möcüzə gözləyirlər..Bir addım atmaq üçün özüylə deyil hər kəslə hesablaşmaq məcburiyyəti oldugu ücündür.  Bəlkə də "xoşbəxtlik" məfhumu onlar üçün sadəcə kitablarda və romanlarda oxuduqlari bir əl çatmaz istək olaraq qalir... Ailidə önəmli yerləri var , çəkəcəklərindən artiq yükləri daşiyarlar çiyinlərində. ..Kəndli qizinin süslənmiş , bər- bəzəkli vücüdu  deyil, kəndli qizinin Əxlaqa bürünmüş lıbası olur.. Bu mövzu o qədər dərin ki, inanin içinə girərsəm itməkdən qorxuram. Və qisa olaraq mənim baxışım bu qədər.. Mən az yazdım bəlkə də,  siz cox anlayin:))
Duymadı kimsələr duymadı məni..
Duymadı qəlbdəki sevgi dünyamı.
Dodaqdan getməmiş məhəbbət tamı..
Sevgimi içimdə bogdular mənim...
Buda bir kəndli qizinin gərçəkləşməmiş sevgisi .
-Çox yaxşı. Niyə tələsdin yekunlaşdırmağa. Bir az da genişləndir və tək qadin probleminə də toxun. Ailə zorakılıgı da aktualdır.
         Ugurlar, yaxşı alınır,-deyə onu cəsarətləndirməyə çalışdım.
-İcimdən gələni yazdim. Elə yazdığım kimi də yolladım, şad oldum bəyəndiyinizə. Bilmək olar nə üçündür ? 
-Sən yaz. Hər halda sonunda sənə gondərəcəyəm.
-Oldu, davam edim men o zaman .
O davam etdi.
Qadınlardan söz etmişkən illərdən bəri hələ də aktual problem olaraq qalan Qadın zorkılığına da toxunmaq istəyirəm.. Bu zorakilığın qurbanı olanlarsa ən çox  kəndli qizlarımızdir..  Həyat bəzən elə qəliz olur ki, labirint kimi girişi bəlli çixişi isə çətin olur. .. Bu dünya hər birimizindirsə, bu dünyada yaşamaq hamımızın haqqıdırsa,  nədən bu zorakıliqlar, nədən qadınlara qarşı şiddət ??  
Təhsil, ailə, uşaq- bunları bir arada tutub həyata sarılıb öz ayaqları üzərində dayanmaq üçün çalışmaq qəbahətdirmi ?? Niyə məhz ən çox da Azərbaycanlı qadınlar?? Əslində bu sualların cavabı hər birimizə bəllidir.. 21-ci əsrdə yaşasaq da hələ də qız övladlarını təhsildən yayındırıb, işləməyə,  çoxunu isə evlənməyə məcbur edirlərsə demək ki, bu qadın zorakılıgı hər zaman olacaq.. Sonuc olaraq da cəmiyyətimizdə boşanmaların sayı hər gün çoxalmaqdadir... Həyat insanlara verilmiş ən böyük Hədiyyədir. Gəlin insan olduğumuzu unutmayaq , gəlin dəyər verək Qadınlarımıza..!
-Benzer, davam et. Sən yazdiğın problemlərin həllini necə görūrsən? Qadının cəmiyyətdə rolunu necə qiymətləndirirsən? Ugurlar. Unutma ! Bütün uģurların əsasında səbr durur.
O, o qədər də optimist deyildi. Davam etmək üçün bir az israr etdim. Cavabı belə oldu:
-Günortadan sonra dogan günəş isitərmi insani ?? Çalışacam.
-Mən dedim, sen hele gūnortaya çatmaga bir qədər var. Çox da dūşgūn olma
-Düşgünlük deyil.  Inanın ki, sadəcə hər şeyi real qəbul edirəm. Çox sag olun ki, məni dinləyirsiniz.
Və o davam etdi..
-Dunya bos bir kainat , icindəki varliqlarla gozəldir.. Daşı,  torpağı, suyu,  havasi, her sey dunyaya min rəng qatır. Onlarin başında duran Allahin ən boyuk varliqlari olan insanlardir.. Hər seyleri mükəmməl, bütöv yaradilan insanlar.. Heç nə təsadüf deyil həyatda,  hər sey birbirini tamamlamaq üçün yaradılıb. Ali varlıqlar olan insanlar üçündür  hər sey bu həyatda. Onlar belə birbirini tamamlamaq ucundur.  Qadın ve Kişi.. Amma yaradılışdan bu yana hər.zaman qadınlar əzilən sinif olaraq qalir. Həyatın ən aparıcı varlıqları olan qadınlar hər zaman bir pillə asağida tutulub.. Qadınlar yalniz "ana" olmaq ücün yaradılıb sanki və hələdə bu düşüncəylə yasayanlar ve hələdə düşüncələrinə istinad edərək qadınlara bu gözlə baxanlar var.. Qadın həyata təkcə uşaq dunyaya gətirmək üçün gəlməyib. Qadının da həyatda insan kimi yasamağa, sözunu deməyə haqqi var..Paylasdığımız həyat hər kəs üçün eynidir.. Və cəmiyyətin hər zaman ağilli qadina ehtiyaci var.. Bu dövrümüzdə qadınlarımız var ki,  soz azadlığından,  qadın hüquqlarından yetərincə anlayır və istifadə edir.. Ancaq əsrimiz üçün yetərlimi ? Deyil .. Qadınlarımız cəsarətiylə,  fədakarlığıyla hər zaman secilib dunya qadınlarından. Bəs niyə texnologiyanın, inkaşafın sürətlə inkişaf etdiyi  bir dövrdə qadınlarımız bu qədər susqun,  oz hüquqlarına sahib çıxmağı bacarmayacaq qədər çarəsizdirlər. Nədir buna səbəb?? Ailə qınağımı , ictimaiyyət qorxusumu? Mən də bir fərd olaraq söyləmək istəyirəm.  Zamani deyilmi oyanmağın! Zamani deyilmi artıq özümüzü qorumağin! Zamanı deyilmi siddətlərin,  zorakılığın qarşısıni almağın.. Sən insan olaraq gəlmisən həyata Qadin..!""
Onun üsyanını anlayırdım. Odur ki, ona bele bir mesaj atdim.
-Fikirlerini ümumi deyil bir az da konktet be. Mücerrədliyə çox getmə.
-Yazdıqlarım nəyəsə oxsayırsa yazım.
-Yaz! Yazdiqca fikirler aydinlasir, fikirler aydinlasdiqca da məqsedi gore bilirsen.
-Hec ağlıma gəlməzdi, imtahan kimi gəlir bu yazdıqlarım mənə, çalışaram.
-Gorursen mesuliyyet hissi inkisaf demekdir.
-Doğurdan elədir, təşəkkür edirəm .
Bir azdan Bənzər yazdıqlarının ardını göndərdi.
-Qadın yazmaqla bitməyəcək, düşündükcə düşünüləcək, anladiq desəniz də sona qədər anlamayacağınız varlıqdır. Nədir qadının həyatdan gözlədikləri? Nədir arzuları ? Nədir istəkləri.
Cəmiyyətimizdə qadınlar iki qismə ayrilir .. Aktiv və passiv həyat keçirən qadınlar və elə bu səbəbdəndir ki,  onların düşüncələri və həyata baxışları da fərqlidir. Amma, hər qadının tək arzusu qadın xoşbəxtliyidir... Hər biri bu xosbəxtliyi bir şeydə tapir,  kimilər qurduqları karyerada,  kimilər də ailəsində, övladında.  Kimiləridə ümidləriylə ovunmaqda.: .
Və sevgidir ən önəmlisi qadını ayaqda tutan. Bir qadın agziyla deyil gözləriylə gülürsə demək xoşbəxtdir... bu qədər .
-Artıq bu qızcığazı yormaq iatəmədim. OK! dedim. Fikirləri çox maraqlı idi. Nəinki maraqlı, burada üsyan da var idi, gözləntilər də, həyatı duymaq, ondan bir qadın kimi umacaqlar və sair. 34 illik ömrünü doğulduğu kənddən başqa bir mühiti görmədən keçirən kənd qızı üçün işıqlı fikirlərlə dolu, məntiqli mühakimələr məni razı salmışdı.   “Bütün yazdiqlarini umumiləşdirəcəyəm.”-deyə geriyə mesaj yazdım.
mümiləşmis yazini mən də görəcəyəmmi ?
-Hə!-dedim.
-Böyük həyəcanla gözləyirəm .
Beləcə növbəti yazımın sonuna gəldim. Onu da səmimi deyirəm ki, müsahibimin bir sözünü belə dəyişməmişəm. Müsahibim maraqlı idi. Onunla fikir bölüşməyi davam etdirəcəyimi
düşünürəm.
Elmira Mehdiqızı,
Zaqatala

11 yanvar 2015-ci il






среда, 4 мая 2016 г.

Keçmişə bir nəzər

5 May uzun illər mətbuat günü kimi qeyd olunub. Həmin gün Lenin "Pravda" qəzetinin nəşrinə başlamışdır. Bu gün də may ayının 5-dir. Biz o günü qeyd etmirik, Çünki, öz milli mətbuat günümüz var və onun tarixi "Pravda"dan da qədimdir. "Əkinçi" qəzetinin çapa başladığı 22 iyul 1875-ci il Azərbaycanda Milli Mətbuat günüdür.
Səhər-səhər bunu niyə andım. Ona görə ki, hər halda gənclik illərimiz bu günlə çox bağlı olub. Ötən illərin xatirələrini həyatımızdan silib ata bilmərik axı. Yaxşısından da, pisindən də bir dərs götürməliyik.
May ayı ayların ən gözəlidir. Təbiət gülə-çiçəyə bürünüb. İllər çmrümüzdən su kimi axıb gedir. Nücə oldu ki, gəlib 60-ı haqladıq. Yəni 60 bahardır ki, may ayının gül ətirli sabahlarından sinədolusu içimizə çəkirik. Yəni, mən çəkirəm. Buna görə yaradana minnətdaram.
5 May-bu günü xatırlamaya da bilərdim. Axı mən peşəkar jurnalistəm. O illəri yaşamışam. O illəri həyatımdan necə silib ata bilərəm. İnsan yarandığı vaxt hansı zaman içərisində, hansı tarixi yaşayacağını bilmir axı. Əsas odur ki, əqidən düz olsun, insanlığın yerində olsun. Bəzi anlayışları, məsələn vətən, torpaq, namus, qeyrət, dost, düşmən kimi anlayışları çaş salmayasan. Bu çaşqınlığın bədəli çox ağır ödənilir.
Bir şəkil paylaşmaq istəyirəm. Bu şəkildə çalışdığım "Zaqatala" qəzetinin kollektivi 2015-ci ildə Milli Mətbuat günündə bizimlə birgə olan rayonun idarə, müəssisə
rəhbərləri ilə birgə çəkilib.


Təbiətin hər halı gözəldir





вторник, 3 мая 2016 г.

       



        Muxax xalçaları və ya Azərbaycan xalçaçılıq tarixində 







                               yeni kəsf

     Azərbaycan xalçaçılıq tarixinə dair araşdırmalara start vermiş "Azər-İlmə" Zaqatalada toxunan xalçaların mən­şəyinə dair axtarışlar aparan dünya şöhrətli mütəxəssisləri Azərbaycana dəvət edir. 1993-cü ildə ingiltərəli xalça mütəxəssisi, "Halı" jurnalının səyyar redaktoru Toni Hazledinen "Azər-İlmə"nin xalça-tədqiqatçıları ilə birlikdə Zaqatalaya - "Bis” xalçasının ən çox toxunduğu Muxax kəndinə yollanırlar. Mütəxəssislər burada toxunan xalçalar, Zaqatalanın tarixi abidələri ilə tanış olur, Muxax kəndində xeyli araşdırmalar aparır, yerli sakinlərlə söhbət edir və xalçaları öyrənmək üçün Nyu-Yorkun xalça ekspertləri ilə danışıqlar aparırlar. Bir müddət sonra ekspertlərin cavabı məlum olur: bu xalçada vurulan naxışlar Zaqatala ərazisində yaşamış qədim türk tayfalarına məxsusdur!
Ekspertlər, həmçinin bu xalçalarla Türkiyənin Konya şəhərində toxunan xalçaların toxunma texnologiyasının eyni olduğu qənaətinə gəlir.
Muxax xalçaları dördbucaq formalı, qalın xovlu, 7 (bəzən də 6) ana rəngin tətbiq olunduğu, ərişləri adətən qara qoyun yunundan, keçi qəzilindən olan unikal sənət əsərləridir. Çobankol, Suagil, Danaçı, Çardaxlı, Tala, Car kimi ətraf kəndlərdə toxunan xalçalarla müqayisədə, Muxax xalçaları Azərbaycanın digər xalça qrupları ilə daha çox oxşarlıqlara malikdir. Məsələn, bu xalçanın naxışları seyrəkliyi və sərbəstliyi, kompozisiya sadəliyi, rəngləri ilə Qazax-Borçalı qrupu xalçalarını xatırladır.



Lakin heç bir xalça qrupunun Muxax xalçaları ilə yaxınlığı, bu xalça nümunələrinin Konyanın "Yatak" xalçaları ilə oxşarlığı ilə müqayisə edilə bilməz. İstər rəng, istər çeşni, naxış, kompozisiya etibarilə coğrafi baxımdan bir-birindən xeyli aralıda toxunan bu xalçaların oxşarlığı heyrət doğurur. Araşdırmalar sübut edir ki, bu dərəcədə bənzərlik yalnız geneoloji yaxınlıqla bağlı ola bilər. Yalnız bir kökdən olan, bir nəsli, tayfanı təmsil edən xalçaçılar belə sənət əsərləri yarada bilərlər. Nəinki Muxax xalçaları, ümumiyyətlə, bütün Azərbaycan xalçaları bir tayfanın qollarını, təmsilçilərini tapmaq, bir araya gətirmək, oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək baxımından əvəzsiz mənbədir. Təsadüfü deyildir ki, hər xalça toxunduğu elin-obanın vəsiqəsi, müasir dillə desək "sertifikatı"dır. Türk xalqlarının yayılma arealının, köçürülmə və yerləşdirilmə proseslərinin öyrənilməsi üçün xalçalar qədər əsaslı sübut tapmaq çətindir. Xalça türkün həm aranda, həm yaylaqda yol yoldaşı, evinin - alaçığının bəzəyi, dostuna-yoldaşına hədiyyəsi, gəlin köçən qızlarına cehizi... olub. Bu baxımdan da, Konya və Muxax xalçalarının oxşarlığı indi adı çəkilən bu torpaqlarda yaşayan və yaradan əhalinin əslində bir kökdən olduğunu əyani şəkildə nümayiş etdirir.

Sovet hakimiyyəti illərində Azərbaycan xalça­çılığının dar çərçivədə araşdırılmasının əsas səbəb­lərindən biri də elə bu amillə əlaqədardır. Xalçanın mahiyyətinə vardıqca, onun hər naxışını, elementini dərk etdikcə özünü, tarixini tapmış olursan. Ucu-bucağı görünməyən bu dünyada kiminlə yaxın, bağlı, kimdən nə qədər uzaq və yad olduğunun fərqinə varırsan. Xalqların bir-biri ilə bağlılığının (xüsusilə SSRİ sərhədlərindən kənarda) müəyyənləşməsi, əlaqələrin bərpası sovet hökumətinin daxili və xarici siyasətinə zidd idi. Qədim Azərbaycan xalçalarının əhalidən kütləvi şəkildə yığılması da məhz xalqı öz kökündən, soyundan uzaqlaşdırmaq siyasəti ilə əlaqədar idi. Muxax xalçaları bu siyasətə meydan oxumuş, varlığını, keçmişimizi öz ilmələrində əbədiləşdirən, dünənimizi bu günümüzə bağlayan sənət nümunələridir.