понедельник, 5 апреля 2021 г.

 

                                                                                 

                                                          Şəhidlərimizi anırıq

                                Film kimi bir ömür

8 oktyabr 2020-ci il idi. Suvagil kəndində ikinci şəhidi torpağa tapşırırdıq. İlk şəhid də bu kəndə gəlmişdi, Elvin Qədirov. Onda da kənd belə izdihamlı idi. Dəfndə iştirak etmək üçün rayonun hər tərəfindən insanlar axın-axın gəlirdilər. Məzarlığa doğru uzanan yol insan seli ilə dolu idi. Döyüşlərə getməyənlər sanki bu yolla vətənə sədaqətlərini, şəhid ruhuna hörmət və ehtiramını  ifadə etməyə çalışırdı. Fəqan haqqında, onun igidliyi haqqında hələlik heç nə bilmirdik. Biz bilmirdik ki, necə qəhrəman, şücaətli bir oğulu torpağa tapşırırıq. Günlər sonra onun haqqında ilk məlumatı sosial şəbəkələrdən alırıq. Bu bir qəhrəmanlıq dastanı yazan igidimiz imiş. Fəqanın qısa, lakin şərəfli ömür yoluna nəzər salaq.

1998-ci ildə anadan olan Fəqan Məmmədovun atası Vahid birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bu sadə ailədə 3 uşaq böyüyüb. Fəqan və iki bacısı. Fəqan elə balacalığından hər kəsdən seçilərdi. Film izləməyi sevər, dostları ilə ancaq filmləri müzakirə edərdi. Dostları hətta zarafatla deyərdilər,-ay Fəqan, deyəsən sən Hollivuda gedəcəksən. Fəqan Hollivuda getmədi, İncəsənət Universitetinin kinoşünaslıq fakultəsinə qəbul olundu. Bu fakultəni uğurla bitirdi. Arzuları sonsuz idi. Qəlbi quş tək uçur, xəyalında arzularının çələngini hörürdü. Lakin əsgəri borcunu verməli idi. O tələbə dostlarına demişdi, xidməti başa vuran kimi işə başlayacağam. Hər kəs məndən yaxşı rol almaq üçün növbəyə düzüləcək.



27 sentyabr 2020-ci ildə, müharibə başlayanda Fəqan cəmi 4 ay idi əsgəri xidmətdə idi. Alagözlü bir el qızı da onun yolunu gözləyirdi. Əsgəri xidmətini başa vuran kimi evlənəcəyinə söz vermişdi. Cəbhədə qızğın döyüşlər gedirdi. Artıq yetəri qədər şəhidimiz var idi. Düşmənə qan udduran əsgərlərimiz ən müasir döyüş taktikasından ustufadə edirdi. Fəqangilin bölüyü də üzbəüz döyüşdə idi. Xain düşmən öz məğlubiyyətini örtbasdır etmək üçün Gəncəyə, Tərtərə, Bərdəyə və digər yaşayış yerlərinə qadağan olunmuş silahlardan atəş açırdı. Oktyabrın 6-da Ağdam istiqamətində döyüşdə Fəqan şəhid olur. Oktyabrın 8-də onu doğulub boya-başa çatdığı Suvagil kəndində dəfn etdik. Bu dəfn mərasimi adi mərasim deyildi. Sanki insanların birliyinin, düşmənə nifrətinin, qəzəbinin təcəssümü idi,  şəhidin ruhuna dərin ehtiram idi. Minlərlə insan şəhidi sanki qəbristana deyil haqq evinə, əbədiyyət evinə yola salırdı. Fəqanın nə kimi bir iğidlik göstərməsini isə ertəsi gün onun ölümdən qurtardığı döyüşçü dostlarının sosial şəbəkədə yazdıqları kiçik hekayədən biləcəkdik.

Dostları yazırdılar:-“Biz erməniləri pusquya sala bildik. Bu vaxtı onlar ağ bayraq qaldırdılar. Buna inanaraq silahı endirdik və irəliyə getdik. Bu vaxtı onlar üstümüzə qumbara atdılar. Hər şey bir anda baş verdi. Fəqan bizləri itələyərək qumbaranın üstünə yatdı. Və şəhid oldu.”

Bu adi şəhidlik deyildi. Belə qərarı vermək üçün gərək yüksək insani keyfiyyətlərə yiyələnmiş olasan. Bu bir gəncin bir neçə insanı yaşatmaq naminə özünə verdiyi ölüm hökmünün elegiyası idi. Bu onun qəlbindəki Xocalı hayqırtısı, şəhidlərin intiqamı üçün çırpınan qəlbinin son döyüntüsü idi. Fəqan o anda Qarabağ döyüşlərinin ən gözəl səhifələrindən birini yazdı. Onun bu hərəkəti xalqın qəhrəmanlıq tarixini yenilədi.

 Fəqanın ali məktəb müəllimi, məşhur kinoşünas Ayaz Salayev telekanalların birində öz düşüncələrini belə ifadə etdi:-“Fəqan milliyyətcə saxur idi, mənim ən yaxşı və ən istedadlı tələbəm idi. O, dünya kinosunun təlqin etdiyi xeyirxahlığı, humanizmi, bəşəri dəyərləri dərindən əxs etmişdi. O Stenli Kubrik, Andrey Tarkovski, Akira Kurosava, Federiko Fellini, Antonio Banderas kimi ünlü kinorejissorlar kimi film çəkmək istəyirdi. Lakin Fəqan çəkilməsini arzu etdiyi filmin baş rolunu məhz özü oynadı.”

Bəli, Fəqan vətənini canından çox sevirdi, Fəqan öz ölümü ilə ölümsüzlüyə qovuşa bildi. İllər keçəcək, işğaldan azad olunan torpaqlarda həyat öz axarına düşəcək və Qarabağ döyüşlərinə həsr olunmuş filmlər çəkiləcək. Mən inanıram ki, o filmlərdən birinin süjeti Fəqanın göstərdiyi qəhrəmanlığa həsr olunacaq. O film mütləq çəkiləcək. Çünki, gələcək nəsil vətənpərvərliyi, yüksək insani keyfiyyətləri belə qəhrəmanlarımızdan öyrənməlidirlər.

Fəqan kimi yüzlərlə qəhrəman döyüşçümüz “təki vətən sağ olsun” deyərək şəhidlik zirvəsinə yüksəldi. Ölümündən sonra Fəqan Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Rahat yat, şəhidim. Sən ürəklərdə yaşayırsan!

                                                                                                   Elmira Mehdiyeva