понедельник, 5 апреля 2021 г.

 

                                                                                 

                                                          Şəhidlərimizi anırıq

                                Film kimi bir ömür

8 oktyabr 2020-ci il idi. Suvagil kəndində ikinci şəhidi torpağa tapşırırdıq. İlk şəhid də bu kəndə gəlmişdi, Elvin Qədirov. Onda da kənd belə izdihamlı idi. Dəfndə iştirak etmək üçün rayonun hər tərəfindən insanlar axın-axın gəlirdilər. Məzarlığa doğru uzanan yol insan seli ilə dolu idi. Döyüşlərə getməyənlər sanki bu yolla vətənə sədaqətlərini, şəhid ruhuna hörmət və ehtiramını  ifadə etməyə çalışırdı. Fəqan haqqında, onun igidliyi haqqında hələlik heç nə bilmirdik. Biz bilmirdik ki, necə qəhrəman, şücaətli bir oğulu torpağa tapşırırıq. Günlər sonra onun haqqında ilk məlumatı sosial şəbəkələrdən alırıq. Bu bir qəhrəmanlıq dastanı yazan igidimiz imiş. Fəqanın qısa, lakin şərəfli ömür yoluna nəzər salaq.

1998-ci ildə anadan olan Fəqan Məmmədovun atası Vahid birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bu sadə ailədə 3 uşaq böyüyüb. Fəqan və iki bacısı. Fəqan elə balacalığından hər kəsdən seçilərdi. Film izləməyi sevər, dostları ilə ancaq filmləri müzakirə edərdi. Dostları hətta zarafatla deyərdilər,-ay Fəqan, deyəsən sən Hollivuda gedəcəksən. Fəqan Hollivuda getmədi, İncəsənət Universitetinin kinoşünaslıq fakultəsinə qəbul olundu. Bu fakultəni uğurla bitirdi. Arzuları sonsuz idi. Qəlbi quş tək uçur, xəyalında arzularının çələngini hörürdü. Lakin əsgəri borcunu verməli idi. O tələbə dostlarına demişdi, xidməti başa vuran kimi işə başlayacağam. Hər kəs məndən yaxşı rol almaq üçün növbəyə düzüləcək.



27 sentyabr 2020-ci ildə, müharibə başlayanda Fəqan cəmi 4 ay idi əsgəri xidmətdə idi. Alagözlü bir el qızı da onun yolunu gözləyirdi. Əsgəri xidmətini başa vuran kimi evlənəcəyinə söz vermişdi. Cəbhədə qızğın döyüşlər gedirdi. Artıq yetəri qədər şəhidimiz var idi. Düşmənə qan udduran əsgərlərimiz ən müasir döyüş taktikasından ustufadə edirdi. Fəqangilin bölüyü də üzbəüz döyüşdə idi. Xain düşmən öz məğlubiyyətini örtbasdır etmək üçün Gəncəyə, Tərtərə, Bərdəyə və digər yaşayış yerlərinə qadağan olunmuş silahlardan atəş açırdı. Oktyabrın 6-da Ağdam istiqamətində döyüşdə Fəqan şəhid olur. Oktyabrın 8-də onu doğulub boya-başa çatdığı Suvagil kəndində dəfn etdik. Bu dəfn mərasimi adi mərasim deyildi. Sanki insanların birliyinin, düşmənə nifrətinin, qəzəbinin təcəssümü idi,  şəhidin ruhuna dərin ehtiram idi. Minlərlə insan şəhidi sanki qəbristana deyil haqq evinə, əbədiyyət evinə yola salırdı. Fəqanın nə kimi bir iğidlik göstərməsini isə ertəsi gün onun ölümdən qurtardığı döyüşçü dostlarının sosial şəbəkədə yazdıqları kiçik hekayədən biləcəkdik.

Dostları yazırdılar:-“Biz erməniləri pusquya sala bildik. Bu vaxtı onlar ağ bayraq qaldırdılar. Buna inanaraq silahı endirdik və irəliyə getdik. Bu vaxtı onlar üstümüzə qumbara atdılar. Hər şey bir anda baş verdi. Fəqan bizləri itələyərək qumbaranın üstünə yatdı. Və şəhid oldu.”

Bu adi şəhidlik deyildi. Belə qərarı vermək üçün gərək yüksək insani keyfiyyətlərə yiyələnmiş olasan. Bu bir gəncin bir neçə insanı yaşatmaq naminə özünə verdiyi ölüm hökmünün elegiyası idi. Bu onun qəlbindəki Xocalı hayqırtısı, şəhidlərin intiqamı üçün çırpınan qəlbinin son döyüntüsü idi. Fəqan o anda Qarabağ döyüşlərinin ən gözəl səhifələrindən birini yazdı. Onun bu hərəkəti xalqın qəhrəmanlıq tarixini yenilədi.

 Fəqanın ali məktəb müəllimi, məşhur kinoşünas Ayaz Salayev telekanalların birində öz düşüncələrini belə ifadə etdi:-“Fəqan milliyyətcə saxur idi, mənim ən yaxşı və ən istedadlı tələbəm idi. O, dünya kinosunun təlqin etdiyi xeyirxahlığı, humanizmi, bəşəri dəyərləri dərindən əxs etmişdi. O Stenli Kubrik, Andrey Tarkovski, Akira Kurosava, Federiko Fellini, Antonio Banderas kimi ünlü kinorejissorlar kimi film çəkmək istəyirdi. Lakin Fəqan çəkilməsini arzu etdiyi filmin baş rolunu məhz özü oynadı.”

Bəli, Fəqan vətənini canından çox sevirdi, Fəqan öz ölümü ilə ölümsüzlüyə qovuşa bildi. İllər keçəcək, işğaldan azad olunan torpaqlarda həyat öz axarına düşəcək və Qarabağ döyüşlərinə həsr olunmuş filmlər çəkiləcək. Mən inanıram ki, o filmlərdən birinin süjeti Fəqanın göstərdiyi qəhrəmanlığa həsr olunacaq. O film mütləq çəkiləcək. Çünki, gələcək nəsil vətənpərvərliyi, yüksək insani keyfiyyətləri belə qəhrəmanlarımızdan öyrənməlidirlər.

Fəqan kimi yüzlərlə qəhrəman döyüşçümüz “təki vətən sağ olsun” deyərək şəhidlik zirvəsinə yüksəldi. Ölümündən sonra Fəqan Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Rahat yat, şəhidim. Sən ürəklərdə yaşayırsan!

                                                                                                   Elmira Mehdiyeva

 

 

 

вторник, 9 февраля 2021 г.

Səfər təəssüratı-Ankaradan İstambula

 

Qitələr, ölkələr, adamlar

Ankaradan İstambula 

SSRİ Jurnalistlər  İttifaqının xüsusi qrupunun tərkibində Türkiyəyə yola düşəcəyimiz günü çoxdan gözləyirdim. Həhayət 1 dekabr 1984-cü ildə Moskvadan Ankaraya uçacağımızı xəbər verdilər. 32 nəfər Azərbaycan jurnalisti 14 gün müddətində Türkiyədə olacaq, onun tarixi – turist yerlərini gəzəcək, qəzet redaksiyaları kollektivləri ilə görüşlərdə iştirak edəcəkdilər.

Dekabrın 12-də Moskva vaxtı ilə gündüz saat 3-ə 20 dəqiqə işləmiş Şeremetyevo təyyarə meydanından Moskva-İstambul-Ankara marşurutu ilə uçan TU-134 təyyarəsində havaya qalxırıq. Hamımızı qarşıdakı səfərin həyəcanı bürüyüb. Düzdür, qrupumuzun üzvlərindən bəziləri artıq bu ölkədə üçüncü, dördüncü dəfə olacaqdılar. Hər halda təyyarəmiz Moskva göylərindən uzaqlaşdıqca Vətəndən müvəqqəti ayrılıq qəlbimizi anlaşılmaz hislərlə doldurmuşdur. Gümüşü rəngli hava gəmisi bizi sürətlə Cənuba, Şərqin ən qədim ölkəsi olan Türkiyə torpağına doğru aparırdı. Hələ Moskvada ikən biz səfərin proqramı ilə tanış idik. Ankara-Kappadokio-Konya-Antalya-Pamukkala-Quşadası-İzmir-Bursa-İstambul.

Stürardessanın səsi müxtəlif istiqamətlərə şaxələnmiş söhbətlərə ara verir. Elan edilir ki, biz artıq Qara dənizin üstü ilə uçuruq. Bir azdan İstambulun hava limanında yerə enəcəyik. İllüminatordan Qara dənizin gümüşü suları ağ buludlara qovuşmuş şəkildə güclə sezilir. Kimsə zümzümə edir: “Bulud səndən aşağı, uca Şah dağı”.

2 saat 20 dəqiqədən sonra təyyarəmiz yerə enir. Bəzi sərnişinlər düşürlər. Bizsə yolumuzu hələ Ankaraya kimi davam edəcəyik. Düşənlərin yerinə sərnişinlər minirlər. Sarışın saçlı, iri gözlü türk qızı bizimlə tezcə ünsiyyət tapır. Özü ilə götürdüyü bir dəstə qəzeti yolsdaşlara verir. Heç kəs adi qəzetçi marağından kənarda qalmır. Hamı qəzetləri vərəqləyir. Son xəbərlərlə tanış olmaq istəyir. Və nəhayət biz Ankaraya çatırıq. Təyyarə meydanında bizi Sovet səfirliyinin və səfər müddətində bizə xidmət göstərəcək “Duru turizm” şirkətinin nümayəndələri qarşılayırlar. Bələdçimiz Ankara Universitetinin məzunu Cengiz Arazdır. Cengiz bəy artıq neçə illərdir ki, dünyanın müxtəlif guşələrindən gələn turistlərə öz Vətəninin keçmişi, bu günü haqqında məlumat verir, onlarda xoş təəssürat yaratmağa çalışır. Sürücümüz Kamil bəyin də bu sahədə səriştəsi çoxdur. O, öz  avtobusu ilə bütün Avropanı dolaşmış, bir dəfə də olsun qəza hadisəsinə yol verməmişdir. Kamil bəyin sürücülük məharətinə səfərin sonunda biz də bir daha əmin olduq.

Rahat avtobusla təyyarə meydanından qalacağımız otelə doğru yola düşdük. Hava soyuqdur. Deyəsən ilk qarı Ankaraya biz gətirmişdik. Bələdçimiz yolboyu bizə bəzi məlumatlar verir. Budur, Türkiyənin paytaxtı  3 milyona yaxın  əhalisi olan Ankara şəhərinə giririk. Şəhərin girəcəyi və onun xeyli hissəsinə qədər uzanan yaşayış massivi bizdə kədərli təəssürat yaradır. Bələdçinin bir söz deməsi lazım gəlmir. Məlum olur ki, bura fəqirlər məhəlləsidir. Türkiyədə kirayə pulu çox baha olduğu üçün istər Ankarada, istərsə də sonra olacağımız şəhərlərdə gecəqonumları lap çoxdur. Bu o deməkdir ki, həmin evləri bir gecə ərzində icazəsiz, rəsmiyyətsiz tikirlər. Və bu evlərin sahibləri müxtəlif hadisələr zamanı dövlət tərəfindən heç bir müavinət almırlar.

 

40 təpə arasında

Avtobusumuz şəhərin mərkəzində yerləşən  qalacağımız “Qrant otel Balin”-ə çox çətinliklə yaxınlaşır. Küçələrdə maşınlar həddən artıq çoxdur. Saysız-hesabsız bankların qarşısında maşınları çox səliqəsiz saxlayırlar. Kamil bəy birtəhər özünə yol açır. “Balin otel” səkkiz mərtəbədən ibarətdir. İzmir caddəsində yerləşir. Oteldə bizi çox nəzakətlə qarşılayırlar. Hamımızı türklərin ən yaxşı içkisi sayılan rakiyə, yəni aslan südünə qonaq edirlər. Axşama hələ xeyli var. Bələdçimiz bildirdi ki, axşam yeməyinə kimi şəhəri gəzə bilərsiniz. Biz bir neçə saat şəhəri gəzirik. Ankara haqqında ən müfəssəl məlumatı isə səhəri gün alırıq.

Tükiyənin relyefi çox maraqlıdır. Qara dəniz, Mərmərə dənizi, Egey dənizi, Aralıq dənizi, Bosfor, Dardanel boğazları ilə əhatə olunan ölkədə şəhərlər ta qədimdən dağların döşündə, təpələrin üzərində salınıb. 1923-cü il oktyabr ayıbnın 29-da Türkiyədə Mustafa Kamal Atütürkün başçılığı altında respublikası qurulur. Həmin vaxtdan da Ankara Türkiyənin inzibatı və siyasi mərkəzi olur. Ankara 40 təpə üzərində yerləşir. Şəhərlə bizi Ankara Universitetinin siyasi-iqtisadi fakültəsinin tələbəsi Timur bəy tanış edir. Hündür boylu, yaşıl gözlü bu gənc məlumatlı olsa da hiss olunur ki, həyacan keçirir, biz qəzetçiləri qane edə bilməyəcəyindən  qorxur.Timur bəy öz işinin öhdəsindən bacarıqla gəlir.

Avtobus dar döngələrdən keçərək sanki dağa qalxır. Lakin bu dağ deyil.Növbəti təpədir, “Anadoli mədəniyyətləri muzeyi” bu təpənin üstündə yerləşir. Muzeyin yerləşdiyi bina 1470-ci ildə tikilib. İnqilabdan sonra muzey kimi fəaliyyət göstərir. Antik dövrdən bu günə qədər əldə edilən məişət əşyaları, kitabalər, heykəllər, arxeoloji qazıntılar zamanı tapılan əşyalar muzey eksponatına çevrilmiş və zəngin keçmiş haqqında müfəssəl məlumat almağa kömək edir. Muzeyin giriş qapısında hamımız xatirə şəkli çəkdirdik.

Mustafa Kamal Atatürk , bu adı hər bir türk böyük ehtiramla xatırlayır. Mustafa Kamal Türkiyəni tərəqqi yoluna çıxartdı,  400 ildən artıq davam edən Osmanlı imperiyası onun başçılıq etdiyi inqilab nəticəsində süquta uğradı. Ölkəmiz ilə Türkiyə arasında dostluq münasibətlərinin əsasını məhz Atatürklə Lenin qoymuşdu. Bu dostluq münasibətləri uzun müddət davam etmiş, mehriban əməkdaşlığa çevrilmiş, sonra bir müddət zəifləmiş, 80-cı illərdə isə yeni məna kəsb etmişdir. Sovet Türkiyə danışıqları müvəffəqiyyətlə davam etməkdədir. Mustafa Kamal Atütürkün ölümündən sonra, yəni 1938-ci ildən 1953-cü ilə kimi onun cənazəsi İstambulda saxlanmışdır. Bu müddət ərzində Ankarada tikiləcək məbədin müxtəlif layihələri verilmiş, məbəd üçün yer seçilmişdir. Məbədin inşa edildiyi Rossattəpəsi Ankaranın ən uca və ən mənzərəli təpəsi hesab olunur. Bu təpədən demək olar ki, bütün Ankara görünür. 1953-cü ildə məbəd inşa edilib başa çatdırılır və M.K.Atatürkün cənazəsi buraya köçürülür. Təpə başdan-başa yaşılllıq içərisindədir. Əli avtomatlı əsgərlər giriş qapısından məbədə kimi müxtəlif yerlərdə keşikdə dayanıblar. Aslanlı yolun başlanğıcında  üç heykəl, əsgər, ziyalı və kəndli heykəli vardır. Yolun hər iki tərəfinə aslan heykəli qoyulmuşdur. Aslan türklərdə qoruyuculuq rəmzi daşıyır. Aslanlı yoldan keçərək movzeleyin qarşısındakı böyük meydana daxil oluruq. Bu meydanda hər il Atatürkün anadan olan və ölüm günü mitinq keçirilir, əsgərlər sayqı keşiyində dururlar. Anıt qəbir deyilən Atatürkün bu son mənzilini ziyarət edirik. Atatürkün qəbri yerləşən məqbərə ilə qarşı-qarşıya, meydanın əks təırəfində İsmət İnönün (1984-1973),Atatürkə məxsus əşyalar, minik maşınları isə yan tərəfdə inşa edilən muzeydə mühafizə edilir. Meydanın bir tərəfində hündürlüyü 36 metr olan polad dirək üzərində Türkiyənin bayrağı dalğalanır. Bu dirəyi Amerikada yaşayan bir türk hədiyyə etmişdir. Ümumiyyətlə, məbədin tikintisi ilə dünyanın hər yerində yaşayan türklər maraqlanmış və müxtəlif vasitələrlə tikintiyə kömək etmişlər.

 

Ankara ilə tanışlığımız davam edir. Timur bəy küçələr, meydanlar, parklar haqqında qısaca məlumat verir. Miladdan əvvəl birinci minillikdə tikilən Ayqustus məbədinə gəlirik.

Məbəddə bərpa işi gedir. Elə bu vaxt toy maşınlarının karvanı buraya yaxınlaşır.Bəylə gəlini kəbin kəsmək üçün gətirmişdilər. Hiss olunurdu ki, kasıb toyudur.Bəylə gəlin qonaqların əhatəsində məscidə girirlər.Ankarada məscidlər, camilər, məbədlər  digər şəhərlərdə olduğu kimi çox deyildir.

Şəhərin daha bir tarixi yeri ilə, Roma hamamları qalıqlarının yerləşdiyi yerlə tanış oluruq.Hamamların qarşısında geniş meydan var. Qədimdə burada gənclər güləşib, müxtəlif idman oyunları keçirilib.

Müxtəlif ölkələrin Türkiyədəki səfirlikləri Ankarada yerləşir. Bank kapitalı da əsasən Ankaradadır. Ankara bir paytaxt kimi türklərin sevimli şəhəridir.

Birinci möcüzə

Dekabrın 14-də səhər saat 8.30 dəqiqədə Ankaradan  Kappodokioya yola düşürük. Beş dəqiqədən sonra Konya yoluna keçirik.Ankara bizi sulu qarla qarşıladı, günəşli günlə salamladı, dumanla yola saldı. Konya yolu sıs dumandır. Koppodokio İç Anadoludan sonra Türkiyənin ikinci soyuq yeridir. Yol uzundur. Odur ki, bələdçimiz Cüngiz bəy Türkiyənin tarixindən söhbət açır. Türkiyə Turko sözündəndir. Yəni dəyişkən topluların yapmış olduğu ölkə. Bu toplular Orta Asiyadan gələrək burada təşəkkül tapmışdırlar. Miladdan əvvəl iki mininci illərdə burada hititlər, sonra finikiyalılar kök salıblar. Sonrakı illərdə Türkiyə torpaqlarında Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar hakimiyyətçilik ediblər. Ölkənin ticarət mərkəzi olması, zənginliyi həmişə diqqət mərkəzində olub. Dövlət sərhədləri əsrlər ərzində dəfələrlə dəyişib və bu günkü şəklini alıb. 1453-cü ildə II Sultan Məhəmməd böyük qoşunla Konstantinopolu alır və onu Osmanlı imperiyasının paytaxtı elan edir. Bu imperatorluq Türkiyədə 1923-cü ilə kimi davam etmişdir.  Hazırda Türkiyədə 47,3 milyon əhali yaşayır.Türkiyə 67 vilayətdən ibarətdir. Hər vilayətin 34-36 qəzası var.

Avtobus sürətlə irəliləyir. Konya yolunda gah sis dumana giririk, gah da günəşun zərrin şəfəqləri avtobusun pəncərələrindən içəri dolurdu.Yolun 95-ci kilometrliyində çay içirik.Türklər çayı xüsusi zövqlə dəmləyirlər. Armudu stəkandakı tünd çay hamının yorğunluğunu alır. Yenidən yolumuza davam edirik. Duz gölü görünür. Bu göl ölkənin ikinci böyük gölüdür.3432 kv.kilometr ərazisi var.Konyadan Ağsaraya qədər uzanır. Yol boyu taxıl sahələri uzanır. Ölkədə il ərzində 17,5 milyon taxıl istehsal olunur. Kənd təssərüfatında heyvandarlıq əsas yer tututr. İribuynuzlu mal-qaranın sayı 16 milyondan, qoyun-quzuznun sayı 48,6 milyondan, keçinin sayı isə18,9 milyondan çoxdur.

Əhalisi 70 min olan Ağsaray şəhərinə çatırıq. Günorta yeməyini burada yeyirik. Yeməkdən sonra bizə tatlı verirlər. Türklər bütün növ qənnadı məmulatına “tatlı” deyirlər və deyirlər ki, “tatlı yeyib, tatlı konuşaq”, yəni şirin yeyib, şirin danışaq. Bu dəfəki tatlı bizim bamiya kimi idi. Həqiqətən də dadlı idi. Ağsaray şəhərini bir saat gəzirik. Daha 68 kilometrdən sonra Növşehrə çatırıq. Yollar buz bağlayıb. Növşehr də balaca şəhərdir. 3,5 milyondan çox işsiz olan Türkiyənin bu balaça şəhərində iş tapmaq və ev almaq  bir qədər asandır. Qışı çox soyuq keçdiyi və mərkəzdən uzaq olduğu üçün buraya axın o qədər də çox deyidir. Növşehrdən Ürgüpə 95 kilometr  qalır. Bir azdan Kappodokio sahəsinə keçirik. Ərazisi 43 kilometr olan Kappodokio 2 min 855 metr yüksəklikdə  yerləşir. Hər tərəf düm ağ qardır. Bəyazlıq lap adamın gözünün işığını aparır. Kamil bəy maşını məharətlə idarə edir. Artıq axşam düşür. Qalacağımız otel Kappodokionun əsas şəhərlərindən olan Ürgüpdə yerləşir. Mehmanxana xudmani bir mehmahxanadır. Mehmanxananın oturma salonu qədimi stildə bəzədilib. Bizi burada çaxıra qonaq edirlər. Üzümçülük və şərabçılıq bu rayonda çox inkişaf edib. Axşam yeməyindən sonra istirahət edirik. Axı, bizi dünyanın yeddi möcüzəsindən biri olan Kappodokioya səyahət gözləyir.

Kappadokio

Dünyanın hər yerində günəşin, dənizin gözəlliyini seyr etmək mümkündür. Təbii gözəllik isə hər yerə nəsib olmur. Min illər əvvəl Yanar dağ və Ərciyə dağında baş verən vulkanlardan 135 kilometr quzeyə, 135 kilometr guneyə doğru lavalar uzanıb. Sonrakı illərin tale küləkləri buraları qəribə şəklə salıb.Yan-yana düzülmüş baca şəkilli qayalıqları seyr etməyə hər il 5 milyona yaxın turist gəlir.Turistlər buralara qış aylarında demək olar ki, gəlmirlər. Çünki yollar təhlükəli olur.

Hündürlüyü 9-16 metr olan 4 qranit baca yan-yana durur. Bu bacalar şapka tipindədir. Hər bacanın başına sanki yekə sal daşdan şapka qoyulub.Anadolu türkləri poetik olaraq onları Pəri bacaları adlandırıblar. Sağ tərəfdə masa tipli pəri bacaları davam edir. Yay aylarında proqrama Ay işığında masa şəkilli bacaları seyr etmə də daxildir. Ay işığında deyilənə görə, təbiətin bu möcuzəsi xüsusilə əsrarəngiz görünür.

 Ürgüp, Gülşehir, Qaymaqlı, Avanos, Kappadokionun əsas şəhərlərindəndir. Əhalisi 1600-ə yaxın olan Ortahisara  gedirik. Hələ eramızdan əvvəl birinci minilliklərdə finikiyalılar bu vullkanik qayaları modernləşdirərək burada yaşayıblar. Bu gün də qayalarda həyat var. Yol boyu mağara oyuqlarında ortahisarlılar limon, portağal saxlayırlar. Bu oyuqlarda məhsulu uzun müddət təzə, tər saxlamaq mümkündür. Bir növ təbii soyuduculardır.

Ortahisarlılar qalasının hündürlüyü 108 metrdir. Keçmişdə təbii qayadan olan bu qaya həm müdafiə xarakteri daşıyıb, həm də onun oyuqlarında adamlar yaşayıblar. Bir qədər yüksəkliyə qalxıb Ortahisar vadisini seyr edirik. Buradan Kappadokionun ümumi mənzərəsini də seyr etmək mümkündür.

Kappadokionun ikinci məşhur yeri Görəmədir. Görəmədə 5 məşhur xiristian kilsəsi var. M.K.Atatürkün göstərişi ilə  buralar bərpa edilib, tarixi yerlər kimi qorunub saxlanılır. Elməli kilsə, Barbara kilsəsi, İlanlı kilsə, Qaranlıq kilsə və Çıraqlı kilsə. Kilsələrin hamısı mağara oyuqlarında  yerləşir və divarları müxtəlif freskalarla, mozaik şəkillərlə bəzədilib. Bütün bunlar isə bu yerlərin xiristianlığın ilk dəfə təşəkkül tapdığı yerlərdən biri olduğuna sübutdur.

Günortaya yaxın qar güclənir. Yollar sürüşkəndir. Lakin biz yolumuzdan qalmırıq. Yolüstü hamı mərmərdən düzəldilmiş müxtəlif xatirə əşyaları  alır. Avanosda məşhur çörək fabriki var. 20 min əhalisi olan bu şəhərdə 300-ə yaxın məşhur dulusçu yaşayır və işləyir. Onlardan biri Qalib Körürkçü ilə görüşüb onun da işləri ilə tanış oluruq. Ustanın sexi qayanın oyuğunda  yerləşir. Bura iki otaq kimidir. Otağın biri uzunsovdur. Buraya ustanın əlinin işi olan yüzlərlə qab düzülüb. İstədiyin qabı seçib ala bilərsən. Geri qayıdarkən Ürgüpdə xalı dükanında da qonaq oluruq. Buraya bizi dükanın sahibi Kadır Ayham dəvət edib. Dükan bir növ sərgi salonunu xatırladır. Türk qadınlarının ən gözəl əl işləri satılan dükandakı xalılara tamaşa edirik. Kadır bəy türk qonaqpərvərliyindən də qalmır. Hamını çaya dəvət edir.

Artıq axşam düşürdü. Lopa-lopa yağan qar bir dəqiqə də olsa ara vermirdi. Kamil bəy avtobusu çox ehtiyatla idarə edir. Hərəkət etmək çətin olduğu üçün otelə qayıdırıq. Təbiətin həqiqətən möcuzəsi olan Kappadokionun qayaları arxada qalır. Qayalardan ucalan televizor antennaları daha bizi təəccübləndirmirdi. Türklər qonaqpərvər xalqdır. Bunu biz düşdüyümüz otellərdə bizə göstərilən xidmətdən, qayğıdan da aydın görürdük. Axşam oteldə diskoteka zalında bizə Ürgüp folklor rəqs ancamblı konsert verir. Bu kollektivi bütün Türkiyədə  tanıyırlar. Türk milli rəqslərini sevə-sevə ifa edən ansamblı  biz də alqışlayırıq. Sonra Gürşad bəy sazı əlinə alır. Türkülərdən oxuyur.

“Gəl, gəl, nə olursan ol, yenə gəl”

 

Kappadokiodan uzaqlaşdıqca qar azalır, hava mülayimləşir. Dekabrın 16-da saat  beşə iyirmi dəqiqə işləmiş Konyaya giririk. Burada biz Mövlanə Cəlaləddin Rumininin türbəsini ziyarət edəcək, ona aid olan əşyaların saxlandığı muzeyi gəzəcəyik. Gəlişimiz Mövlanə həftəsinin axırıncı gününə təsadüf edir. Hər il dekabrın 11-17-si arası Mövlanəni anma mərasimi keçirilir. Dünyanın hər yerindən bu ulu şairi ziyarətə gəlirlər. Şeir-sənət bayramına, hələ Ankarada olarkən  biz Türkiyə televiziyasının bu haqda verdiyi verilişə və Mövlanə rəqsinə tamaşa etmişdik. Şəhərin mərkəzi meydanında Mövlanə rəqsinin ifasını təsfir edən  heykəllər qoyulub. Bu gün “Gəl dünyayi, gör Konyayi” deyən  minlərlə-milyonlarla adam bu şəhəri Mövlanənin ruhundan, bədənindəndoğan bir şəhər kimi tanıyırlar. Şəhərdə memarlıq abidələri çoxdur. Lakin şəhərin lap uzaq guşələrindən belə dərhal seçilən abidə Mövlanə  türbəsi “Yaşıl türbədir”. Zaman-zaman bu türbə müqəddəs ailə məzarlığına çevrilib. Cumhuriyyətdən sonra, 1927-ci ildə Mövlanə dərgahı muzey halına düşür.1959-cu ildən ocaq Mövlanə adını alır. Muzey salonlarının divarlarında Mövlanənin məşhur kəlamları ağac, metal və daş lövhələrində həkk olunub. “Ya olduğun kimi görün, ya gördüyün kimi ol”.

“Gəl, gəl nə olursan ol yenə gəl,

Kafir, bütpərəst, mecusi olsan da yenə gəl,

Bizim dərgahımız ümidsizlik dərgahı deyildir,

Yüz kərə tövbəni pozmuş olsan da yenə gəl”.

Konyadan Cənuba, Antalyaya doğru gəldikcə hava istiləşirdi. Antalyada 18 dərəcə isti var idi. Şəhər Aralıq dənizi sahilində Toroz dağlarının ətəklərində yerləşir. Şəhərdən dənizə gözəl panorama açılır. Bir tərəfdən sahili dənizin günəşdə parıldayan lacivərd suları döyür, bir az uzaqda isə başı ağ çalmalı dağlar bu gözəlliyi tamamlayır. Antalya qədim şəhərdir. Miladdan əvvəl 150-ci ildə salındığı ehtimal olunur. Şəhərin adı bir neçə dəfə dəyişib. Atatürkdən sonra isə Antalya olub. Roma imperatoru Hadrianusun  tikdirdiyi 8 kilometr uzunluğunda qala divarları və məşhur Hidrianus  qapısı XIII yüzüllikdə səlcuqlar tərəfindən restavrasiya edilib bu günə qədər gəlib çatmışdır.

Tapıntılar davam edir

 

Antalyadan yolumuz bütün dünyada öz şəfalı suyu ilə məşhur olan Pamukkalayadır. Yollar çox mənzərəlidir. Dağların arası ilə gedir. Dəniz səviyyəsindən 925 metr  yüksəyə qalxır, sonra enişə doğru gedirik. Dağlar biri-birinə sığınaraq  yatıblar. Lakin onların altında da kəşv olunmamış tarix yatır. Avtobusumuz çox da hündür olmayan, təpəni xatırladan dağın yanında dayanır. Bayırda sazaq var, ağaclar qırov bağlayıb. Gedəcəyimiz yer İnsuyu mağarasıdır. Mağaranı Mitat Coşqun bəy 1965-ci ildə tapıb. Mağaraya giririk. Mağaranın daxilində yeddi göl var. Böyük gölə kimi yerin altında 562 metr yol gedirik. Böyük gölün suyu  içməlidir. Göl hara kimi davam edir? Bu suala hələ dəqiq cavab verilməyib. İki alman arxeoloqu yeddi gün müddətinə Böyük göldən 8 kilometrə qədər  yol gedərək  geri qayıdıblar. Bildiriblər ki, dağların altı ilə göl hələ davam edir. Mağaranın içi uşaq nağıllarını  xatırladır. Sanki bir tərəfdən sal buz  sallanıb. Gidin müşayiəti ilə Kiçik dilək gölünə çatırıq. Gölün içinə çoxlu dəmir pul atılıb. Deyilənə görə burada edilən dilək həyata keçir...

Yolumuza davam edirik.

Pamukkala bayaq dediyi kimi şəfalı suyu və tarixi yerlərilə məşhurdur.Yerin altından 18-20 dərəcə çıxan bu su oynaqlarda gedən duzlaşmanın müalicəsinə kömək edir. Suyun çıxdığı yer Xoruz dağının döşündədir. Uzaqdan həmin mənzərə ağ pambığı xatırladır. Ərazidə qədim məzarlıq var. Məzarlıqda müxtəlif qəbirlər var. Zəlzələ nəticəsində məzarlar dağılsa da yenə  müəyyən şəklini saxlamışdır. Bu onu göstərir ki, dünyanın hər yerindən zəngin adamlar buraya müalicəyə gəlmiş, özlərini yaxşı hiss etdikləri üçün ömürlərinin axırına qədər burada yaşamışlar. Onlar ölərkən qəbirlərə müxtəlif  məişət əşyaları ilə yanaşı bir qab şəfalı su da qoyurlarmış.

Bir qədər aralıda romalılar dövründən qalan Hiarapolis görünür. Bu 15 min nəfərlik nəhəng amfiteatrdır. Son illərdə burada aparılan yenidənqurma işi amfiteatrı ilkin şəklə salmaqda çox kömək etmişdir. Mərmərdən yonulmuş heykəllər, mərmər üzərində aparılan müxtəlif bəzək işləri çox gözəldir.

Pamukkalada biz Tuzan otelində qalırıq. Səhər tezdən isə Quşadasına yola düşürük. Şəhərlər biri-birini əvəz edir. Budur, Aydın şəhəri, narıngi və meyvə bağları  ilə əhatə olunan şəhərin evləri əsasən günəş enerjisi  ilə isidilir. Ümumiyyətlə, keçdiyimiz şəhərdə günəş enerjisindən istifadəyə çox fikir verilir.

Səlcuqlar dövründə, 12-ci yüzülliyin sonunda əsası qoyulan Quşadası Egey dənizinin sahilində yerləşir. Şəhərdə külli miqdarda otel və motellər var.Şəhərin daimi əhalisi 20 mindir. Kənardan gələn müsafirlərlə 75-80 mindir. Şəhərdə əksər dükanlar bağlı idi. Qış mövsümü olduğu üçün dükanların bəziləri işləyirdi. Mehmanxanamız dənizin lap sahilindədir. Hətta otaqda belə sahili döyən ləpələrin səsi aydın eşidilir.

Quşadasına dekabrın 19-da gündüz saat 1-də daxil oluruq. Türkiyə torpağının bu cənnət guşəsi  hər birimizə Rəşad-Nuru Güntəkinin “Çalı Quşu”ndan bəlli idi. Romanda Fəridənin dili ilə bu yerlər canlı şəkildə  təsvir olunur. Gözəl Egey dənizi gecə-gündüz şəhərin sahilində öz nəğməsini oxuyur. Səhəri gün Quşadasından Həzrəti Məryəmananı Evinə gedirik. Avtobus Efes dağlarına doğru 560 metr  qalxır. Bu yol, 1949-cu ildə  çəkilib. Həzrəti Məryəmananın evi 1891-ci ildə İzmir Kollecinin müdiri Rahib Eudeni Paulinin təşkil etdiyi kiçik axtarış qrupu  tərəfindən tapılıb. Onlar bu axtarışı Katerin Fimerikin Klement Brentano tərəfindən fransızcaya tərcümə edilən “Həzrəti Məryəmananın həyatı” kitabında göstərilən əlamətlərə görə aparmışlar. Yaxın kəndlilərin göstərdikləri Panaya Kapulu deyilən yerdə  həmin ev tapılmışdır. 700 milyon katolikin dini mərkəzi olan Roma Papalığı da Məryəmana evini müqəddəs ziyarət yeri kimi tanımışdır. 1967-ci ildə Papa Altıncı Paul  və 1979-cu ildə onun xələfi ikinci Cian Paul da Məryəmana evini ziyarət etmişdir.

Məryəmana evinin divarlarının dördüncü yüzilliyin üslubunda yenidən tikildiyi görünür. Təməl divarları isə birinci yüzilə aiddir. İçəriyə girəndə qarşımıza Məryəmananın bürüncdən hazırlanan gözəl heykəli çıxır. Yan otaq Məryəmananın yataq otağıdır. Burada müsəlmanlar da namaz qılır və dua edirlər. Otağın divarlarına rus rəssamı Lukin Məryəmananın şəklini çəkib.

 

İkincü möcuzə

 

Efesdə dünyanın ikinci möcuzəsi ilə tanış oluruq. Bu, İzmir ilə Böyük Məndərəs arasındakı Efes şəhərinin xərabələridir. Şəhər Egey dənizi sahillərində salınıb, zaman keçdikcə dəniz sahildən  çəkilib. Hazırda dənizlə şəhər arasında böyük məsafə var. Şəhərə giriş iki tərəfdən olub. Liman tərəfdən Liman caddəsi (küçəsi) başlayır. Bu caddə 886 metr uzunluğundadır. Küçənin hər iki tərəfi mərmər sütunludur. Bu sütunların üstündə qəndillər olub. Hər iki tərəfdəki ticarət dükanlarında dənizlə gələn tacirlər ticarət ediblər. Liman caddəsi bizi Yunanıstanın Epitavra teatr binasından sonra ikinci böyük teatr binası olan Böyük teatra gətirir. Böyük Teatr 24 min adamlıqdır. İnşası birinci yüzilliyin ortalarında başlayıb, ikinci yüzilliyin sonunda başa çatıb. Hər il may ayında burada Efes festivalı keçirilir Dünyanın hər yerindən bu festivalda musiqi kollektivləri iştirak edirlər.

Efes şəhərinin 300 min əhalisi olub. Böyük Teatrdan sonra Aropaya giririk. Bura  bazar yeri olub. Efesə karvanlarla gələn ticatər malları  burada dəyişdirilib. Efesdə ikinci böyük caddə Mərmər caddəsidir. Bu adı ona arxeoloqlar veriblər. Halenistik dövründə tikilən caddə sonralar  dəfələrlə təmir olunub. V əsrdə isə buraya mərmər döşənib. Mərmər caddənin sonunda Səlcuq kitabxanası yerləşir. Bu kitabxana Efesin ən gözəl binasıdır. VI-VII əsrlərdə baş verən zəlzələlər  şəhərin bütün tikililəri kimi kitabxananı da dağıtmışdır. Kitabxananın sütunları çox hündür olduğu üçün ona daha çox ziyan dəymişdir. Lakin burada restavrasiya aparılmış və ümumiyyətlə şəhərdə restavrasiya işi davam edir.

Daha sonra şəhərin digər tikililərini gəzirik. 3 min 400 kvadratmetr ərazidə yerləşən şəhər həqiqətən möcuzədir. Miladdan sonra ikinci yüzillikdə tikilən Veriyus hamamı, Eşq evi, ümumi tualetlər, Skolastik hamamlar, Troyan çeşməsi, Pollio çeşməsi, Bələdiyyə sarayı binası, 1400 nəfərlik Kiçik Teatr hər il buraya gələn milyona yaxın turistin böyük marağına səbəb olur. Zənginlər yaşayan 116 ev də bu günə gəlib çatmışdır.

Efesdən aralanırıq. Saat üçün yarısına İzmirə çatırıq. İzmir Türkiyənin üçüncü böyük şəhəridir. Şəhər İzmir körfəzində yerləşir. İzmir bizə doğma Bakımızı xatırlatdı. Şəhər körfəzin ətrafına,  Bakımız Xəzərin boynuna dolaşan kimi dolaşıb. Müasir hündür binaları olan Qarşı Yaxa Əhmədlini xatırladır. İzmirdə biz “Yeni əsr” qəzeti redaksiyasında olacaq, Kədifə qalasından şəhəri seyr edəcək, Arxeoloji muzeyi gəzəcək, M.K.Atatürkün anası  Zübeydə xatunun qəbrini ziyarət edəcəyik. “Yeni əsr”in əməkdaşları elə həmin gün  bizimlə görüşə gəlirlər. Səhəri gün biz qəzet redaksiyasını gəzir, çap texnologiyası ilə tanış oluruq. Dekabrın 22-də İzmirdən yola düşürük. İzmir yaxınlığında SSRİ ilə Türkiyənin birgə əməkdaşlıq şəraitində 1973-cü ildə tikdiyi Neftayırma zavodu uzaqdan görünür.

12 kilometrdən sonra Berqaməyə çatırıq. Miladdan əvvəl IV əsrin sonlarında tikilən bu şəhərin qalıqları bu günə qədər  gəlib çatmışdır. Şəhərdən 2 kilometr aralı  Berqamə kral xəstəxanası yerləşir. Biz şəhəri yox, xəstəxananı gəzirik. Şəfalı suların yaxınlığında tikilən xəstəxanaya doğru mərmər sütunlu  yol gedir. Xəstaxananın kitabxana, amfiteatr, hamam kimi yardımçı yerləri var. Xəstəxanada diaqnostika üçün təbii vasitələrdən istifadə olunur.

Bursaya 372 kilometr yol qalır. Ulu dağın ətəyində Bursa özünün əsrarəngiz yaşıllığı, şəfalı suları ilə məşhurdur. Bursa Osmanlı imperiyasının paytaxtı olub. Dini, tarixi, mədəni və ticarət yeridir. Şəhər əhalisi bolqarca, yuqoslavca, türcə və çərkəzcə danışırlar. Bursa ipəyi, xalısı, şabalıdı və şaftalısı ilə də tanınır. Burada biz Ulu camini və Yaşıl Türbəni gəzirik. Ulu cami 1399–cu ildə tikilib. Caminin ortasında böyük bir hovuz var. Hovuzun üstü aynalı günbəzdir. Burada ibadət edənlər günbəzdən  düşən işığa görə hovuza baxaraq saatı müəyyən ediblər. Yaşıl Türbə isə 1412-1419-cu illərdə tikilib. İldırım Bəyazid camisini memarı Əmir Qazanxanın tikdiyini söyləyirlər. Camidə İldırım Bəyazidin qəbri var. Ümumiyyətlə, Bursada cami və türbələr çoxdur.

Şəhər  Uludağın döşünə dolanır. Uludağın zirvəsi qarlıdır. Şəhərdə isə hava mülayimdir. Səfərimizin sonuncu günləridir.

 Bursa bizi günəşlə yola salır.

Bursa ilə İstambul arasında yol 235 kilometrdir.  Yol demek olar ki, Mərmərə dənizinin lap sahili ilə gedir.

Mərmərənin incisi, İstambulun sislisi

 

Bəli, əsrarəngiz Bosfor körfəzini məhz belə adlandırırlar. İki qitəni, Avropa ilə Asiyanı birləşdirən dünyanın 5 ən böyük körpüsündən biri olan Bogaz içi körpüsündən keçirik. Körpü 1973-cü ilin oktyabr  ayında istifadəyə  verilib. 3 böyük dövlət: İngiltərə, Kanada və Türkiyə birlikdə tikiblər. Körpü 300 milyon dollara başa gəlmişdir. Lakin o, qısa müddətdə öz xərcini çıxarmış, hazırda buradan gələn gəlirin  bir hissəsi avtomobil  yollarının tikintisinə sərf edilir. Körpüdən hər gün  10 min maşın keçir. Uzunluğu 1564 metr, eni 36 metr, hündürlüyü isə 64 metrdir. Asiya artıq qurtarmış, Türkiyənin Avropa hissəsinə keçmişdik.

İstambul dünyanın ən gözəl şəhərlərindən biridir. Bosforun  hər iki sahili  boyu uzanan şəhər ticarət və mədəniyyət mərkəzidir. 1453-cü ilə qədər  Konstantinopol adı ilə məhşur olmuş,  Osmanlı imperatoru II Sultan Məhəmməd buranı tutduqdan sonra onu İstambul adlandırmışdır. İstambul öz tarixi keçmişi və sürətlə inkişaf edən bu günü ilə məşhurdur. Onun tarixi yerlərini gəzdikcə buna bir daha əmin olursan. Sultan Əhməd Camisinin içərisində eyni vaxtda  1500 adam ibadət edə bilər. Cami gözəl memarlıq numunəsi kimi turistlərə göstərilir. Sultan Əhməd Camisi ilə üzbəüz Müqəddəs Sofiya məbədi ucalır. VI əsrin ortalarında imperator Justinian tərəfindən tikdirilən bu məbəd memarlıq sənətinin ən gözəl nümunələrindən biridir. Beş ilin ərzində 10 min adam bu kilsənin tikilişində iştirak etmişdir. Onu bəzəmək üçün Romada, Afinada və başqa qədim şəhərlərdə  olan  Antik məbədlərin mərmər sütunları sökülüb gətirilmişdir.

Topqapı şəhər muzeyinə tamaşa edirik. Bu, dünyanın ən zəngin muzeyidir. Sultanlara məxsus əşyalar, sultan hədiyyələri orjinal halda yerləşdirilib. Xəzinə xüsusi ilə maraqlıdır. Ən iri almazlardan olan 86 karatlıq yumurta şəkilli almaz və digər qiymətli daş-qaş burada nümayiş etdirilir.

İppadron da qədim yerlərdəndir. Bu meydanda müxtəlif yarışlar keçirilib. İppadrondakı miladdan əvvəl 390-cı ildə inşa edilən məşhur Tikili daşa əsrlər ərzində baş verən zəlzələlər xələl gətirə bilməmişdir. 14,5 metr hündürlükdə olan bu daş dörd dayaq üzərində tikilmişdir. Memar hesablamalarının dəqiqiliyi onu təbiətin sınaqlarından uğurla çıxartmışdır.

Günün ikinci yarısında “Günaydın” qəzetinin əməkdaşı Mustafa Duru bizimlə görüşə gəlir. O, qrupumuzun rəhbəri, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin məsul katibi H.Hacıyevdən müsahibə alır. Müsahibə və qrupumuzun büün üzvlərinin birgə şəkli səhər artıq qəzetdə çıxmışdır.

Dekabrın 25-i Türkiyə televiziyası və mətbuatı SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov   yoldaşın Ankaraya gəlişindən və Türkiyənin baş naziri Turqut Ozalla danışıqlara başlamasından xəbər verirdi. Bu bizi çox sevindirdi. Çünki Türkiyə yenidən mehriban qonşuluq, dostluq və əməkdaşlıq yoluna qədəm qoymuşdur. Bu əməkdaşllığa türk xalqı da çox böyük ümüd bağlayır. Elə bu təəssüratla da biz Bosforu səyahətə çıxırıq. Bosforun suları sakit-sakit  sahili döyəcləyir. Sular sərhədsizdir. Əgər onun bir ucu qüdrətli Vətənimizin sahilləri ilə qovuşursa, o biri ucu İstambulla  qovuşur, digər ölkələrə pənah aparır. Bosforun suları bizi Vətənə səsləyir. Türkiyədə olduğumuz 14 gün ərzində bir dəqiqə də olsa tərk etməyən bu hisslər sanki birdən-birə cuşa gəlir.

Bosforda iki saatlıq gəzinti başa çatır. Bizi sahil restoranlarından birinə qonaq edirlər. “Duru Turizm” şirkətinin nümayəndəsi hamıya xatirə hədiyyəsi bağışlayır. Axşam isə gecə klubu “Karvansaraya” qonaq oluruq. Bizdən başqa bir neçə ölkədən gələn turistlər də var. Bizə milli yeməklər verirlər. Konsert proqramı da  təşkil olunmuşdur. Səlcuq və Rəna Alagöz bacı-qardaşları  müxtəlif xalqların mahnılarınndan ibarət nəğmə çələngi  təqdim edirlər. Mən deyərdim ki, bu çələngin ən gözəl çiçəyi “Arzu qızım” mahnısı idi.

Dekabrın 26-sı hamımız yola hazırlaşırıq. Ankaradan İstambula kimi olan 4 min kilometrlik  bir yolu bizimlə birgə keçən sürücümüz Kamil bəyə və onun köməkçisi Sərdara, gidimiz Cengiz bəyə hamımız hədiyyələr bağışlayırıq.

İl-86 ayrobusu bizi İstambul göylərindən uzaqlaşdırır..

Elmira Mehdiyeva,

 Rayon radio verilişləri redaksiyasının məsul redaktoru,

SSRİ Jurnalistlər İttifaqının üzvü

“Qırmızı bayraq” qəzeti № 28, 29, 30,31 (5, 7, 12, 14 mart 1985-ci il nömrələri)