суббота, 29 августа 2020 г.
Zaqatala multikultural dəyərlərin
mərkəzlərindən biridir
Sadə dilldə desək bir çox
mədəniyyətlərin, dinlərin yanaşı yaşaması, dözümlülük, bir-birinin mədəniyyətinə,
adət-ənənəsinə hörmətlə yanaşması, qaynayıb-qarışmasına mültikultural mühit
deyilir. Fərqliliklər hər zaman inkişafa kömək edib. İntriqasız, bir-birinə
qarşı olan haqqsız iddialarsız, sovet dönəmində ən çox işlədilən bir sozu
burada çəkmək istərdim: qardaşlıq ailəsində. Təbii ki, sovet siyasəti tamam
başqa idi və mən o siyasəti bura qatmaq istəmirəm. Hansı tərəfdən baxırıqsa
baxaq Zaqatalada tarixin dərinliklərinə gedib çıxan millətlər birliyi olmuş,
burada hər zaman çoxmillətlilik həyat tərzi kimi qəbul olunmuşdur. Lap uzaq
keçmişə getmək üçün apardığım araşdırmalar olmadığından sonrakı dövrlərdə bir
çox araşdırıcıların göstərdikləri faktlara əsaslanaraq fikrimin təsdiqini
çatdırmağa çalışacağam.
Cahangir Soltanovun bir
kitabı var. Qardaşı ilə birlikdə ərsəyə gətirdikləri bu kitab “Zaqatala-millyon
qızıl gül” adlanır. Cahangir müəllim tarixçi idi və bir müddət Zaqatala
tarix-diyarşünaslıq muziyendə direktor vəzifəsində də çalışıb. Təəsüf ki,
vaxtsız ölüm onu sıralarımızdan tez apardı. Onun bir sıra maraqlı tədqiqatları
var idi. Bu tədqiqatlardan biri də Zaqatalaya polyakların sürgün edilməsi idi.
Bu sürgün XIX əsrin əvvəllərinə təsadüf edir. Polşa ərazisində olan aclıq,
bütün Polşanı bürüyən üsyanlar, etirazlar zamanı bir qrup üsyançı da məhz
Zaqatalaya sürgün edilmişdir. C.Soltanov öz kitabında məşhur hərbi tarixçi
B.A.Pottonun özünün 20 səhifəlik bir səlnaməsində bunları yazdığını qeyd
edir. Polyaklar Zaqatalada az qala bir əsr
konpakt halda yaşayıblar. Sonralar onların bəziləri buradan köçüb getsə də bir
çox ailələr 90-cı illərə kimi burada yaşayırlar. Polyaklar Zaqatalada olduqları
vaxt öz dini inanclarını yerinə yetirmək üçün şəhər meydanından bir qədər
aşağıda , indikin 28 May küçəsində senaqoq tikirlər. Bu senoqoqun fəaliyyəti
digər dini mərkəzlər kimi sovet hakimiyyəti illərində fəaliyyət göstərmir.
Senaqoq bu gün də durur və o özəlləşmə adı ilə satılıb. Yaxşı olardı ki, həmin
senaqoq bir trarixi məkan kimi geri qaytarılaydı və öz ilkin vəziyyətinə
salınaydı.
Polyaklar Zaqatalaya bir
memarlıq məktəbi gətirmişdilər. Onlar şəhərin mərkəzində çoxsaylı binalar
tikiblər. Bu binalar bu gün də durur və həm görünüşü, həm də möhkəmliyi ilə
seçilirlər. Tağ konstruksiyası onların memarlığında əsas yer tuturdu. Bu
binaların çox möhkən, əsaslı şəkildə tikilən zirzəmiıləri var. Tağ
konstruksiyasından təkcə binaların üst hissəsində deyil, zirzəmi hissəsində də
istifadə edilib. Polyaklar sonralar yerli əhali ilə qaynayıb-qarışıb, onlarla
çox mehriban şəkildə yaşayıblar.
Akademik Yaqub Mahmudov
yazır: “bölgədə Rusiyanın maraqlarının Gürcüstanın maraqları ilə üst-üstə düşməsindən
məharətlə istifadə edən “rus ürəkli, gürcü əsilli” çar generalı Sisianov Rusiyanın hərbi
strateji və iqtisadi maraqlarını təmin etməklə yanaşı, gürcü keşiş və
knyazlarının ŞimalQərbi Azərbaycanı Gürcüstanın tərkibində Rusiya imperiyasına
birləşdirmək niyyətlərini də reallaşdırmağı düşünürdü... 1803-cü il martın 2-də
Qulyakovun komandanlıq etdiyi 1482 piyada, 210 kazak, 113 qeyri-sıravi hərbi
qulluqçu, 500 nəfər gürcü atlısı, 4000 nəfər gürcü piyadası və 8 topdan ibarət
hərbi qüvvə Car-Balakən üzərinə yürüşə başladı ... Yanvarın 15-də general
Qulyakov Zaqatala dərəsinə doğru hərəkət edir. Ruslar daş hasarların arasına
daxil olan kimi carlılar onlara hücum edirlər. Öndə gedən gürcü dəstəsi əli
qılınclı carlıları görərək qorxub arxaya, öz dəstələrinin üzərinə atılır. Qulyakov
elə ilk atəşdən öldürülür.”
Bu sitatı təsadüfi gətirmədim.
Rus mənbələri yazırlar ki, həmin döyüşdə, Tala çayı vadisində bir yox 4 general
cəsur CarTala camaatı tərəfindən öldürülür. Təəssüf ki, işğalın qarşısını almaq
əliyalın əhaliyə nəsib olmur. Rus işğalı gürcülərə də özlərinin dırnaqarası
tarixini yazmağa imkan yaradır. Bu işğal ərazilərini gürcülər bu gün də çəkinmədən
“öz ” əraziləri hesab edirlər. XIX əsrin
ortalarına çar hökuməti Türkiyədən və Suriyadan gələn erməniləri çox böyük məmnuniyyətlə
Zaqatala ərazisində yerləşdirir. Beləliklə, Zaqatalanın çoxmillətli əhalisinin
içərisinə “nifaq toxumu” uğurla əkilir.
1905-ci ildə üsyankar
“Potyomkin”çilər Qalaya sürgün edilirlər. Car Rusiyası dövründə indiki Dağlı kəndi
ərazisinə, Danaçı və Aşağı Çardaqlar kəndi ərazisinə çoxlu sayda malakan və
xaxollar sürgün edilirlər. Malakanları və xaxolları ruslar həmişə təqib ediblər
və fürsət düşdükcə onları öz ərazilərindən uzaqlara sürgün ediblər. 1941-45-ci
illər müharibəsi zamanı isə işğal olunmuş Belorusiya və Ukraynadan da çoxlu
sayda qadın, uğaq, qoca Zaqatalaya köçürülüb. Beləliklə, hər zaman beynəlmiləl
olan Zaqatala tarix boyu insanların mehriban bir ailədə yaşadığı,
qurub-yaratdığı coğrafi bir məkan olub. Zaqatalada indi də şəhər 1 saylı orta məktəbinə
el arasında Azərbaycan məktəbi, 2 saylı orta məktəbə isə rus məktəbi deyilir. Hələ
qısa müddətdə iki sinifli erməni məktəbi də fəaliyyət göstərib. Ermənilər o qədər
azğın olublar ki, şəhərdəki polyakların və azərbaycanlıların ən yaxşı evlərini
fırıldaqla, şantajla əllərindən çıxardıblar. Alban kilsəsinə az qala
özününküdür deyirdi. Ruslar buna o qədər də imkan vermir. Ona görə ki, onların
Qala içərisində tikdikləri Troitski kilsəsi onların tələbatını ödəmədiyi üçün
Alban abidəsini yenidən rekonstruksiya edərək ibadət üçün istifadə edirlər.
Tiflis arxivlərindəki yalan məlumatlara artıq millətimizin qarnı toxdur. Bu
Alban abidəsidir.
Zaqatalanın çoxmillətli bir bölgə olmasından çox
danışılır. Polyaklar bura gəlincədən öncə də burada yerli türklərlə yanaşı
avarlar, saxurlar, ingiloylar, axaxlar, laklar və digər millətlər də
yaşayıblar.
Jurnalist Məhəmməd
Şabanoğlu özünün “Mədəniyyətlərin qovuşduğu
diyar” məqaləsində
yazır: “1903-cü ilin
baharında Talada belə bir hadisə olmuşdur. Bütün Qafqazda məşhur olan Şeyx Əhməd vəfat etmişdi. Onun dəfnində 15 min insan
iştirak etmiş, cənazə evdən məzarlığa qədər çiyindən-çiyinə ötürülmüşdü. Həmin illərdə bizim şəhərdə xristian dininə qulluq edən insanlar da
yaşayırdılar. Onların kilsəsi də fəaliyyətdə
idi. Şeyx Əhmədin vəfat etdiyi gün xristianların nümayəndəsi Talaya gəldi
və bildirdi ki, onların dini icmasının
başçıları dəfndə iştirak etmək istəyirlər. Talanın ağsaqqallları dərhal məşvərət
etdilər və xristianlara dəfndə iştirak etmək üçün izn verildi. Bu barədə mənim əvvəlki yazılarımda söhbət
açılıb. Ancaq burada bir nüansı xüsusi
qeyd etmək istəyirəm. Tala
ağsaqqallarının həmin məşvərətində bir nəfər “çox bilən” işin əksinə çıxmış, xristianlara
icazə vermək istəməmişdi. Bu anda o vaxtın Tala məşhurlarından olan Hafiz
Ramazan Əfəndi həmin şəxsi “cahil” adlandırmış və toplantıdan qovmuşdu. Bu
hadisə bölgəmizdə baş verən və millətlərin bir-birinə olan hörmətini özündə
ehtiva edən yüzlərlə hadisələrdən biridir.
Bölgəmizin tarixi belə hadisəlrlə doludur.”
Zaqatala bu gün də özünün
multikultural əhvalını saxlamaqdadır. Burada yenə də bir çox xalqların nümayəndələri
mehriban bir ailədə yaşayır və yaradırlar. Yazımı həmkarımın fikirləri ilə bitirmək istəyirəm. Həmin məqalədə
daha sonra o yazır:” Bizim qədim tarixə malik olan bölgəmiz isə mən deyərdim
ki, multikulturalizmin vətənidir, hətta
beşiyidir. Bu ideya faktik olaraq burada doğulub, burada inkişaf etmişdir. Əsrlərdən bu yana 20-yə qədər müxtəlif millətin nümayəndələri
bu müqəddəs torpaqlarda qardaşcasına yaşamış, elə indinin özündə də
yaşamaqdadır. Ən maraqlı cəhət isə budur
ki, bu torpaqda yaşayan millətlər heç
zaman millətçiliyin fərqində olmamışlar.
Qohumluq əlaqələri o qədər güclü olmuşdur ki, hətta bəzən kimin hansı millətdən olduğu da
unudulmuşdur. Əslində belə də olmalıdır. Bu gözəl, zəngin, hər şeylə təmin
olunmuş Yer Kürəsində millətçilik etməsək, daha önəmli işlərlə məşğul olsaq olmazmı?”
Mən də deyirəm, olar, əlbəttə
olar. Elə Dünyamız da gözəl əməllərə acdır.
Elmira
Mehdiqızı
Yazı “Milli
azlıqlar arasında mədəni sərvətlərimizin və dəyərlərimizin tanıdılmasına dəstək”
layihəsi çərçivəsində çap olunur.
"Zaqatala" qəzeti 26-cı say, 28 avqust 2020-ci il








