вторник, 15 февраля 2022 г.

 

12 fevral 2022-ci il Zibil poliqonunda sakinlərlə görüş

İctimai fəal Şəhla Ramazanova ilə birlikdə zibil poliqonuna gedirik. Əslində Şəhlanın da evi sibil poliqonunun yaxınlığında yerləşir. Üç övladı var. Həyat yoldaşı 36 yaşında ürək tutmasından dünyasını dəyişdiyindən Şəhla köçüb anası ilə birlikdə yaşayır. O da evini satmaq istəyir. Alıcı tapa bilmir. Bu ərazidən ev alanlar olmur. Birincisi zibilliyə görə, ikincisi də şəhər hesab edilsə də buralara qaz çəkilməyib. Şəhla ilə poliqona zibilin daşındığı gigiş yoluna gedirəm. İnsan dəhşətə gəlir. Şəhərin bir addımlığında belə bir vəziyyətin olmasına. Poliqonun həm şəkillərini çəkirəm, həm də video çəkirəm. Bunlarsız hesabat bu görüntülərin acınacaqlı vəziyyətinə heç kəsi inandıra bilməz. Poliqonun yuxarı hissəsi ilə yaşayış evləri arasında bufer zona belə yoxdur. Poliqon sahibsiz itlərin yığışdığı yerdir. Onların bir dəstəsini görürəm və özümü təhlükəyə atmaq istəmirəm. Tüstü qalxan yandırılmış ərazinin də şəkillərini çəkib geri qayıdıram. Burada sakin Arzu Əliyevanı görürəm. O deyir: mənim ailəm   kasıb yaşayır. Ümumiyyətlə bu ərazidə yaşayan insanların hamısı kasıb ailələrdir. Bir balaca imkanı olan evini tərgiyib burdan gedib. Bizim isə gedəcək yerimiz yoxdur. Qazımız yoxdur. Ona görə mən uşaqlarım soyuqda qalmasınlar deyə bu zibillikdən tullanan ağac budaqlarını yığıram.

 

 


 

İkinci müsahibim Yadigar Əmirxanov olur. O 10 ildir ki burada yaşayır. Yolun kənarı ilə gedən işıq dirəklərini göstərərək bildirir: baxın, işığı da biz sakinlər çəkmişik. Əslində o dirəklər standart deyil və onlarla işıq aparmaq çox təhlükəlidir. Lakin, işıqsız nə qədər oturaradıq. Bir-gün, iki gün deyil, diz burda yaşayırıq. “Bəs burada zibil poliqonu ola-ola niyə burda məskən salırdınız? Kim verib bu torpağı sizə? Niyə müraciət etmirsiniz? ” Suallarım o qədər çox idi ki. Söhbətimizə qoşulan sakinlər də Yadiğarla eyni fikirdə idi və eyni sözləri dediklərindən mən bu fikirləri qruplaşdıraraq yazmağı qərara aldım.

 

 


Onları aldadıblar yoxsa ....

Sakinlər bildirirlər ki, torpaq sahəsini onlara Göyəm kənd bələdiyyəsi verib. İnadla bildirib ki, poliqon tezliklə ordan köçürüləcək. 2017-ci ildə isə bu ərazi şəhər bələdiyyəsinə daxil edilib. Onlara torpaq verən bələdiyyə sədri də dünyasını dəyişdiyi üçün sakinlər bilmirlər hara müraciət etsinlər.    Deyildiyinə görə yer ayrılıbmış, həmin yer də qonşu kəndin ərazisi olduğundan kənd sakinləri buna imkan verməyiblər.  Düzü müəyyən etmək çətindir ki, kim-kimi aldadıb. İnsanlara düz zibilliyin ortasında həyətyanı sahəsi verənlər görəsən onların sonrakı taleyini düşünmüyüblərmi. Bu insanlar həyatlarını pis üfunətli havanı udmaqla, ilan, kərtənkələ ilə mübarizə aparmaqla, zəhərli milçəklər dişləməklə, yandırılan zibilin tüstüsündə boğulmaqla keçirməyə məcburdurlar. Onlar yuva qurduqları yerin belə olacağını əvvəldən təsəvvür etməyiblər.

 


Niyə müvafiq qurumlara müraciət edilmir

İnsanlar hara müraciət edəcəklərini bilmirlər. Çünki, müraciət etdikləri ünvanlardan qənaətbəxş cavab ala bilməyiblər.

Tinay Bilalova bildirir ki, çox ünvanlara müraciət ediblər. Heydər Əliyev fonduna, Ekologiya və təbii sərvətlər Nazirliyinə, yerli Bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən və bələdiyyədən bildirirlər ki, poliqon üçün uyğun yer yoxdur. Zaqatalanın torpaq ehtiyatı azdır, hamısı da yaşayış məntəqələrinə yaxındır.

 


Ötən il 2021-ci ildə ərazidə yaşayan qadınlar (100-ə yaxın qadın) 3 dəfə etiraz mitinqi keçiriblər. Onlar səhər tezdən poliqona zibil daşıyan maşınların qarşısını kəsiblər. Əraziyə polis cəlb olunub və mitinqçiləri dağıdıblar. Bu vaxtı onlarla birlikdə olan adının çəkilməsini istəməyən jurnalisti isə həbs ediblər. Belə olduqda o jurnalisti azad etmək üçün imza toplanılıb. “Bəs, kişilər nə üçün sizinlə birlikdə mitinqdə iştirak etməyiblər?-” sualıma dedilər ki, kişiləri o dəqiqə həbs edəcəkdilər. Qadınları heç olmasa xəbərdarlıqla buraxıblar. Biz kasıb insanlarıq, polislə necə baş-başa gələk.

Bu yaxınlarda ARB TV kanalının da burada çəkiliş etdiyini bildirirlər. O süjet 14 fevralda efirə gedəcək.

Zaqatatala  şəhəri üzrə İcra nümayəndəsi sakinlərə poliqonun 2021-ci ilin payızına kimi köçürüləcəyini və yerində park salınacağını deyib, lakin bir nəticə olmayıb. Sakinlərin gözü yolda, könlü isə intizardadır.

Xəstəlik mənbəyi

Mən Tərlan Hacıməmmədovu ürək ağrısı ilə dinləyirəm. Onun evi ilə poliqon arasında məsafə belə yoxdur. “Mən 39 yaşımda evlənmişəm, səbəb də evimin olmaması idi. Əlimin zəhməti ilə dolanıram. İki körpə uşağım var. Bu evi də güc-bəla ilə tikmişəm. Kaş ki, tikməyəydim. Mənim uşaqlarım , mənim ailəm çox pis şəraitdə yaşayırıq. Mən evimdə vətən üçün əsgər böyüdürəm. O gün uşağa milçək dişdəyib pis günə düşmüşdü. Həkim dedi ki, zəhərli milçək dişləyib. Uşağı zor-güc xilas etdik. Bizim həyatımızın hər anı təhlükəlidir.”

 

Qanun nə deyir

Azərbaycan Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəslində 39-cu  maddədə əks olunmuşdur:         

        I Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

       II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

  Sağlam ətraf mühitdə yaşamaq hüququ insanın fundamental  hüququdur. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ  ilk dəfə 1972-ci ildə  BMT-nin “Ətraf Mühitə dair” Stokholm konfransında geniş müzakirə olunmuşdur. 

 



 

Amerika qanunvericiliyində, yəni ştatların bir çoxunun qanunlarında belə bir müddəa vardır: “Yaşamaq hüququ hətta insan ana bətnində olduqda belə qorunmalıdır.” 

 Sağlam ətraf mühitdə yaşamaq hüququ dövlətin qarşısında ətraf mühiti qorumaq vəzifəsi qoyur.

Azərbaycan Respublikasında ətraf mühitlə bağlı bir çox qanunlar qəbul olunmuşdur.  “Ətraf mühitin mühafizəsi haqqında”,  “Ekoloji təhlükəsizlik haqqında” 1999-cu il 8 iyun Qanunları, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 1997-ci il 30 dekabr Qanunu, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”  1992-ci il qanunları bunlara misaldır. “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanununa görə insanların sağlamlığının ətraf mühitin mənfi təsirlərindən qorunması üçün  tədbirlərin görülməsini vacib sayır.   

Ekoloji nasazlığın zərər yetirə biləcəyi birinci varlıq insandır. İnsan isə bəşəriyyətin ən ali varlığıdır. Biz bu varlığı qorumaq və əsas insan hüquqlarından biri olan sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək üçün konkret iş görməliyik.  Təbii ki, hər kəs öz sahəsində  bunu etməlidir. Hüquqşünaslar bunu qanunvericilikdə, istehsalçılar bunu müasir texnikaların köməyi ilə ətraf mühitə minimum ziyan verməklə  və s. edə bilərlər. Çünki  hərbirfərdinhəyatıhəqiqətənçoxdəyərlidir.

 

Regional poliqonlar

 

“Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb:

“Həmin poliqonlarda daşınacaq ötürücü stansiyaların yaradılması nəzərdə tutulub. “Bu proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur.

 

Görəsən yaradılacaq regional poliqonların siyahısında acınacaqlı vəziyyəti olan Zaqatalanın adı varmı?

Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyenavə ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin21 aprel 2005-ci il tarixli 74 №li qərarı vardır. Qərarın 7.4 bəndində deyilir:

7.4.    Poliqonlar üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir:

 

-   sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalıdır;

-   qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir);

-   çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir;

-   şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.