среда, 7 сентября 2022 г.
Agentliyin dəstəklədiyi layihənin işçi qrupu ilə görüş keçirildi
03.09.2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri - Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans”
İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların
sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi
çərçivəsində layihənin işçi qrupu və layihəyə cəlb olunan iştirakçılarla görüş
keçirildi.
Görüşdə, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin
rəhbəri Möhübbəli Nağıyev, layihə üzrə təlimçi Adilə Məmmədova və layihənin
eksperti Zəminə Abdulhəmidova ilə yanaşı layihəyə cəlb olunan sahibkar xanımlar
da iştirak edirdilər. İlk öncə layihə rəhbəri M. Nağıyev görüş
iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata
keçirilən layihə haqqında geniş məlumat verdi. Daha sonra, görüş iştirakçıları
layihənin fəaliyyət planını, təlim proqramlarını, təlim gündəliklərini müzakirə
etdilər. Təlimlərin mövzuları və hazırlanacaq təqdimatlar üçün təkliflər
verildi və layihə rəhbəri tərəfindən bu təkliflər qeydiyyata alındı.
Təqdimatların hazırlanması və yoxlanılması üçün təlimçi və ekspertə müvafiq tapşırıqlar
verildi. Görüşdə çıxış edən iştirakçıların və işçi heyətin arzu və təklifləri ilə
layihənin fəaliyyət planına əsasən təlimlərin və səfərin dəqiq vaxtları müəyyən
edildi. Ekspert Z. Abdulhəmidova fəaliyyət planı və təlimlərin mövzuları ilə
bağlı çıxış etdi. Layihənin keçirilməsi üçün lazım olan təqdimatın və paylama
materiallarının mövzuları haqqında öz fikirlərini qeyd etdi. Təlimlərin həftədə
3 gün olmaqla iş günləri ərzində keçirilməsini məqsədə uyğun hesab etdi.
Təlimlərin “Biznes klas” formatında təşkili ilə bağlı çıxış edən təlimçi A.
Məmmədova da, təlim gününün 1-ci yarısında nəzəri biliklərin verilməsini və
2-ci yarısında isə yeni biznes sahələrinin yaradılması məqsədi ilə biznes
planların yazılması mövzularında təlimin təşkilini, ümumiyyətlə, təlimlərdə
iştirak edən qadınların sahibkar olduqlarını nəzərə alaraq mövzuların da
onların arzu və istəklərinə uyğun olaraq hazırlanacağını qeyd etdi. İştirakçılardan
Şəhla Salamova, Aytac Əhmədova, Rəhimə Rüstəmova qeyd etdilər ki, təlimlərin
daha interaktiv, məhsuldar və maraqlı keçməsi üçün həmin təlimlər müzakirə formasında
təşkil edilsin. Beləliklə, layihənin fəaliyyət planına uyğun olaraq təlimlərin sentyabr
ayının 19-u, 20-si, 21-i, 26-sı, 27-si və 28-ndə keçirilməsi məqsədə uyğun
hesab edildi. 2 saata qədər davam edən görüş, məhsuldar və maraqlı keçdi.
“Balans” İMİB-nin sədri və layihə rəhbəri,
İctimaiyyətlə Əlaqələr
Departamenti.
вторник, 15 февраля 2022 г.
12 fevral 2022-ci il Zibil poliqonunda sakinlərlə
görüş
İctimai fəal Şəhla Ramazanova ilə birlikdə zibil
poliqonuna gedirik. Əslində Şəhlanın da evi sibil poliqonunun yaxınlığında yerləşir.
Üç övladı var. Həyat yoldaşı 36 yaşında ürək tutmasından dünyasını dəyişdiyindən
Şəhla köçüb anası ilə birlikdə yaşayır. O da evini satmaq istəyir. Alıcı tapa
bilmir. Bu ərazidən ev alanlar olmur. Birincisi zibilliyə görə, ikincisi də şəhər
hesab edilsə də buralara qaz çəkilməyib. Şəhla ilə poliqona zibilin daşındığı
gigiş yoluna gedirəm. İnsan dəhşətə gəlir. Şəhərin bir addımlığında belə bir vəziyyətin
olmasına. Poliqonun həm şəkillərini çəkirəm, həm də video çəkirəm. Bunlarsız
hesabat bu görüntülərin acınacaqlı vəziyyətinə heç kəsi inandıra bilməz.
Poliqonun yuxarı hissəsi ilə yaşayış evləri arasında bufer zona belə yoxdur.
Poliqon sahibsiz itlərin yığışdığı yerdir. Onların bir dəstəsini görürəm və
özümü təhlükəyə atmaq istəmirəm. Tüstü qalxan yandırılmış ərazinin də şəkillərini
çəkib geri qayıdıram. Burada sakin Arzu Əliyevanı görürəm. O deyir: mənim ailəm kasıb yaşayır. Ümumiyyətlə bu ərazidə
yaşayan insanların hamısı kasıb ailələrdir. Bir balaca imkanı olan evini tərgiyib
burdan gedib. Bizim isə gedəcək yerimiz yoxdur. Qazımız yoxdur. Ona görə mən
uşaqlarım soyuqda qalmasınlar deyə bu zibillikdən tullanan ağac budaqlarını
yığıram.
İkinci müsahibim Yadigar Əmirxanov olur. O 10 ildir
ki burada yaşayır. Yolun kənarı ilə gedən işıq dirəklərini göstərərək bildirir:
baxın, işığı da biz sakinlər çəkmişik. Əslində o dirəklər standart deyil və
onlarla işıq aparmaq çox təhlükəlidir. Lakin, işıqsız nə qədər oturaradıq.
Bir-gün, iki gün deyil, diz burda yaşayırıq. “Bəs burada zibil poliqonu ola-ola
niyə burda məskən salırdınız? Kim verib bu torpağı sizə? Niyə müraciət
etmirsiniz? ” Suallarım o qədər çox idi ki. Söhbətimizə qoşulan sakinlər də
Yadiğarla eyni fikirdə idi və eyni sözləri dediklərindən mən bu fikirləri
qruplaşdıraraq yazmağı qərara aldım.
Onları aldadıblar yoxsa ....
Sakinlər bildirirlər ki, torpaq sahəsini onlara Göyəm
kənd bələdiyyəsi verib. İnadla bildirib ki, poliqon tezliklə ordan köçürüləcək.
2017-ci ildə isə bu ərazi şəhər bələdiyyəsinə daxil edilib. Onlara torpaq verən
bələdiyyə sədri də dünyasını dəyişdiyi üçün sakinlər bilmirlər hara müraciət
etsinlər. Deyildiyinə görə yer
ayrılıbmış, həmin yer də qonşu kəndin ərazisi olduğundan kənd sakinləri buna
imkan verməyiblər. Düzü müəyyən etmək çətindir
ki, kim-kimi aldadıb. İnsanlara düz zibilliyin ortasında həyətyanı sahəsi verənlər
görəsən onların sonrakı taleyini düşünmüyüblərmi. Bu insanlar həyatlarını pis
üfunətli havanı udmaqla, ilan, kərtənkələ ilə mübarizə aparmaqla, zəhərli milçəklər
dişləməklə, yandırılan zibilin tüstüsündə boğulmaqla keçirməyə məcburdurlar.
Onlar yuva qurduqları yerin belə olacağını əvvəldən təsəvvür etməyiblər.
Niyə müvafiq qurumlara müraciət edilmir
İnsanlar
hara müraciət edəcəklərini bilmirlər. Çünki, müraciət etdikləri ünvanlardan qənaətbəxş
cavab ala bilməyiblər.
Tinay
Bilalova bildirir ki, çox ünvanlara müraciət ediblər. Heydər Əliyev fonduna,
Ekologiya və təbii sərvətlər Nazirliyinə, yerli Bələdiyyəyə, İcra Hakimiyyətinə
müraciət ediblər. İcra Hakimiyyətindən və bələdiyyədən bildirirlər ki, poliqon
üçün uyğun yer yoxdur. Zaqatalanın torpaq ehtiyatı azdır, hamısı da yaşayış məntəqələrinə
yaxındır.
Ötən
il 2021-ci ildə ərazidə yaşayan qadınlar (100-ə yaxın qadın) 3 dəfə etiraz
mitinqi keçiriblər. Onlar səhər tezdən poliqona zibil daşıyan maşınların
qarşısını kəsiblər. Əraziyə polis cəlb olunub və mitinqçiləri dağıdıblar. Bu
vaxtı onlarla birlikdə olan adının çəkilməsini istəməyən jurnalisti isə həbs
ediblər. Belə olduqda o jurnalisti azad etmək üçün imza toplanılıb. “Bəs, kişilər
nə üçün sizinlə birlikdə mitinqdə iştirak etməyiblər?-” sualıma dedilər ki,
kişiləri o dəqiqə həbs edəcəkdilər. Qadınları heç olmasa xəbərdarlıqla
buraxıblar. Biz kasıb insanlarıq, polislə necə baş-başa gələk.
Bu
yaxınlarda ARB TV kanalının da burada çəkiliş etdiyini bildirirlər. O süjet 14
fevralda efirə gedəcək.
Zaqatatala şəhəri üzrə İcra nümayəndəsi sakinlərə
poliqonun 2021-ci ilin payızına kimi köçürüləcəyini və yerində park
salınacağını deyib, lakin bir nəticə olmayıb. Sakinlərin gözü yolda, könlü isə
intizardadır.
Xəstəlik
mənbəyi
Mən
Tərlan Hacıməmmədovu ürək ağrısı ilə dinləyirəm. Onun evi ilə poliqon arasında
məsafə belə yoxdur. “Mən 39 yaşımda evlənmişəm, səbəb də evimin olmaması idi.
Əlimin zəhməti ilə dolanıram. İki körpə uşağım var. Bu evi də güc-bəla ilə
tikmişəm. Kaş ki, tikməyəydim. Mənim uşaqlarım , mənim ailəm çox pis şəraitdə
yaşayırıq. Mən evimdə vətən üçün əsgər böyüdürəm. O gün uşağa milçək dişdəyib
pis günə düşmüşdü. Həkim dedi ki, zəhərli milçək dişləyib. Uşağı zor-güc xilas
etdik. Bizim həyatımızın hər anı təhlükəlidir.”
Qanun
nə deyir
Azərbaycan
Respublikası Konstitusiyasının “Əsas insan və vətəndaş hüquqları və
azadlıqları” adlanan III fəslində 39-cu maddədə əks olunmuşdur:
I Hər
bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji
hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini
almaq hüququ vardır.
Sağlam
ətraf mühitdə yaşamaq hüququ insanın fundamental hüququdur. İnsanın
sağlam ətraf mühitdə yaşamaq hüququ ilk dəfə 1972-ci ildə BMT-nin
“Ətraf Mühitə dair” Stokholm konfransında geniş müzakirə olunmuşdur.
Amerika
qanunvericiliyində, yəni ştatların bir çoxunun qanunlarında belə bir müddəa
vardır: “Yaşamaq hüququ hətta insan ana bətnində olduqda belə
qorunmalıdır.”
Sağlam
ətraf mühitdə yaşamaq hüququ dövlətin qarşısında ətraf mühiti qorumaq vəzifəsi
qoyur.
Azərbaycan
Respublikasında ətraf mühitlə bağlı bir çox qanunlar qəbul olunmuşdur.
“Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”
1999-cu il 8 iyun Qanunları, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”
1997-ci il 30 dekabr Qanunu, “Təbiəti mühafizə və təbiətdən istifadə
haqqında” 1992-ci il qanunları bunlara misaldır. “Təbiəti mühafizə və
təbiətdən istifadə haqqında” Qanununa görə insanların sağlamlığının ətraf
mühitin mənfi təsirlərindən qorunması üçün tədbirlərin görülməsini vacib
sayır.
Ekoloji nasazlığın zərər yetirə biləcəyi birinci varlıq insandır.
İnsan isə bəşəriyyətin ən ali varlığıdır. Biz bu varlığı qorumaq və əsas insan
hüquqlarından biri olan sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək üçün
konkret iş görməliyik. Təbii ki, hər kəs öz sahəsində bunu etməlidir.
Hüquqşünaslar bunu qanunvericilikdə, istehsalçılar bunu müasir texnikaların köməyi
ilə ətraf mühitə minimum ziyan verməklə və s. edə bilərlər. Çünki hərbirfərdinhəyatıhəqiqətənçoxdəyərlidir.
Regional poliqonlar
“Tullantılarla
bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”.
Bunu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert
saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri
Rasim Səttarzadə bildirib.
O
qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb:
“Həmin
poliqonlarda daşınacaq ötürücü stansiyaların yaradılması nəzərdə tutulub. “Bu proseslər
İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur.”
Görəsən yaradılacaq regional poliqonların
siyahısında acınacaqlı vəziyyəti olan Zaqatalanın adı varmı?
Şəhərlər və digər yaşayış
məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyenavə ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət tullantılarının
müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin21 aprel 2005-ci il tarixli 74 №li qərarı vardır. Qərarın 7.4
bəndində deyilir:
7.4. Poliqonlar üçün ayrılmış
sahələr aşağıdakı tələblərə cavab verməlidir:
- sahənin
ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalıdır;
- qrunt
sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və
sukənarlaşdırıcı qurğular tikilməlidir);
- çay,
göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər
və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında
(sanitar-ekoloji mühafizə zonaları nəzərə
alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin
ayrılması və təşkili yolverilməzdir;
- şəhər və digər yaşayış məntəqələri,
meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının
ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında,
çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su
təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su
obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının
olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı
hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı
yerlərdə tullantıların basdırılması qadağandır.
вторник, 18 января 2022 г.
Bizim müsahibə
Müsahibimiz Gigiyena Epidemiologiya Mərkəzinin baş həkimi Ərşad Qüdrətoğludur
-Ərşad həkim,İnsan sağlamlığında təmiz ekoloji mühitin
rolu nədən ibarətdir?
-Əvvəla onu qeyd edim ki, Rayon Gigiyena və
Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının
qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin
qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən
ibarətdir. Təbii ki, bütün bunların əsasında təmiz ekoloji mühit durur. Bu gün
bütün dünya ekoloji muhitdə gedən ciddi dəyişikliklərdən narahatdır. Bu
dəyişikliklər artıq insanların həyatına, sağlamlığına təsir edir, gələcək
nəslin inkişafında öz mənfi fəsadlarını göstərməkdədir.
Yaşadığımız rayon təbii ehtiyatlarla zəngindir. Xüsusən, meşə ərazilərinin
çoxluğu, yaşıllıqlar, sıx ağac örtüyü ilə çevrələnən dağ massivləri elə
təəssürat yaradır ki, Zaqatala rayonunda belə problemlər yaşanmaz. Lakin,
unutmaq olmaz ki, biz də bu planetin kiçik bir parçasıyıq və orada baş verən
hər bir proses bizə də təsirsiz ötüşmür. Elə götürək fəsillərdə olan
dəyişiklikləri. İndi yanvar ayıdır. Lakin havalar heç də qış mövsümünə uyğun
keçmir. Hələ də qar yağmayıb. Halbuki, belə hava şəraiti bizim rayonumuz üçün
uyğun deyildir. İlin-günün bu vaxtında onilliklər əvvəl yerdə mütləq qar
olurdu. Qarın yağması isə təmiz hava deməkdir, mikrobların ölməsi deməkdir,
torpaq üçün məlhəmdir. Deməli, bütövlükdə mühitdə gedən proseslər, buraya suda,
quruda aparılan sınaqlar, atmosferə atılan zəhərli qazlar, təbiətə atılan
tullantılar və onlarla digər səbəblər daxildir, buna ciddi təsir göstərir.
Alimlər bununla bağlı öz sözlərini desələr də, insanlar etiraz səslərini
qaldırsalar da hələlik planetin
qorunmasında ciddi bir irəliləyiş yoxdur və bu da gələcəyimizi təhlükə
qarşısında qoyur.
-Zaqatala şəhərində ekoloji mühiti pozan faktorlar
hansıdır?
- Zaqatala hər zaman öz
gözəlliyi, təmizliyi ilə seçilən şəhərlərdən olub. Lakin, şəhərimiz gündən-günə
böyüyür, əhalinin sayı artır və bu da özü ilə birlikdə bir sıra gigiyenik və
epidemioloji vəziyyətə təsir edən problemlər doğurur. Şəhər ərazisindən bir-neçə çay axır. Əhali
ilə nə qədər iş aparılsa da çay kənarına zibil atılması məsələsinə son
qoyulmur. Su kənarlarında bir də görürsən ki, nəhəng zibil qalaqları
yığılıb.
- Bir həkim kimi şəhərdə, ümumiyyətlə rayonda məişət
tullantılarının idarə olunması sizi qane edirmi?
-
Ümumiyyətlə, şəhərdə zibil tullantıları idarə olunmur desək bu düzgün olmaz.
Komunal Müəssisələri Kombinatı bunun üçün var gücü ilə çalışır. Rayon
rəhbərliyi hər daim bu işi öz nəzarətində saxlayır. Lakin, bu elə sahədir ki,
orada işin qurulması əhalidən də çox asılıdır. Zibilin küçəyə müəyyən saatlarda
çıxarılması, kənar küçələrin də zibilinin daşınması, bayram günlərində şəhərin
təmizliyinə fikir verilməsi və sair hamının nəzarətində olmalıdır. Şəhər
ərazisinə 260 ədəd konteyner qoyulmalıdır. Hal hazırda 90 konteynerə ehtiyac
var. Şəhər ərazisində məişət tullantılarını 14 nəqliyyat vasitəsi daşıyır, 5
nəqliyyat vasitəsinə ehtiyac vardır. Konteyner meydançalarında dezinfeksiya və
dezinseksiya işləri aparılmır.
Rayonun
kəndlərində zibil poliqonları yoxdur. Zibil kənd yollarının kənarına, meşə
ərazilərinə, əkin sahələrinin kənarına atılır ki, bu da yol verilməzdir.
- Zaqatala şəhərinin zibil poliqonu ilə tanışlığınız
varmı və yeni yaşayış massivinin düz poliqon ərazisində olmasına siz necə
baxırsınız.
- Zibil
poliqonu məsələsi hal-hazırda rayonda öz həllini gözləyən bir nömrəli
məsələdir. Bu yaxında biz bununla bağlı baş idarəyə də arayış təqdim etmişik.
60 ildən artıqdır ki, poliqon fəaliyyət göstərir. Yeni poliqon üçün Rayon İcra
Hakimiyyəti də müvafiq nazirliklərə müraciət edib, lakin hələlik heç bir müsbət
cavab yoxdur. Birmənalı olaraq poliqon
ordan köçürülməlidir, çünki, yeni yaşayış massivi düz poliqon ərazisinə düşür.
Şəhər o istiqamətdə inkişaf edir.
Hal
hazırda poliqonda tullantılar basdırılsa da, burada daim texnika çalışsa da ora
sanitar tələblərinə cavab vermir. Ərazi çəpərlənməyib, sanitariya mühafizə
zonası yoxdur. Ümid edirik ki, bu problem yaxın vaxtlarda öz həllini tapar.
Müsahibə üçün çox sağ olun.
Müsahibəni apardı:
Elmira Mehdiyeva
понедельник, 10 января 2022 г.
Layihə çərçivəsində ictimai vəkillik həyata keçiriləcək
ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə FHI 360 (Ailə Sağlamlığının Qorunması
Üzrə Beynəlxalq Təşkilatı) Azərbaycanda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti
(ECSOFT) fəaliyyətini həyata keçirmək məqsədi ilə respublikamızın 15 rayonunda
müxtəlif ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə start verib. Bu
layihələrdən biri də “Zaqatala şəhərində məişət
tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai
müzakirələrin və ictimai vəkilliyin təşkili” layihəsidir.
Zaqatala
rayonunda istehsalat və məişət tullantılarının yerləşdirilməsi, məhv edilməsi və
basdırılması üçün Zaqatala şəhəri ərazisində 1960-cı illərin əvvəllərində sahəsi
2,0 hektar olan poliqon yaradılmışdı. Həmin dövrdən rayonda istehsalat və məişət
tullantılarının idarə olunması Zaqatala Kommunal Müəssisələri Kombinatı tərəfindən
həyata keçirilir. Ötən 60 il ərzində şəhər əhalisi iki dəfədən çox , Zaqatala şəhərinin
ərazisi 4 dəfədən çox artmışdır. Hal hazırda Zaqatala şəhərində yaşayan əhalinin
sayı 35 minə yaxınlaşmışdır. (Zaqatala rayonunun əhalisi isə 130 mini keçir.)
Bu isə o deməkdir ki, uzun illər istismar olunan və Zaqatala şəhərinin ərazisinin
böyüməsi ilə əlaqədar yaşayış massivlərinə yaxın ərazidə yerləşən məişət
tullantılarının utilizasiyası poliqonu istismar müddətini bitirmişdir. Keçən
dövr ərzində əlavə poliqonlar yaradılmadığından, məişət tullantılarının zərərsizləşdirilməsi
və emalı üçün burada şərait olmadığından bu poliqon şəhərin tələbatını tam ödəmir.
Hal hazırda şəhərin yeni yaşayış massivi demək olar ki, bu zibilliyin bir
addımlığındadır. Halbuki, standartlara
görə zibil poliqonu yaşayış yerlərindən azından bir kilometr aralıda olmalıdır.
Layihəni
həyata keçirilməsinin ümumi strateji məqsədi yaşayış massivindən standartlara
uyğun uzaqlıqda yeni zibil poliqonunun yaradılması ilə 10 minlərlə insanın təmiz
ekoloji mühitdə yaşamasına nail olmaqdır. Layihə çərçivəsində insanların
ekoloji maarifləndirilmə aparılacaq, görüşlər təşkil olunacaq, sorğular keçiriləcək.
Layihədə
tərəfdaş təşkilat kimi “Rüzgar” İB, “Balans” İB və “Yeni
Fikir”JHİB koalisiya formasında
çalışacaq və problemin həlli istiqamətində ictimai vəkilliyin təşkilində fəallıq
göstərəcəklər.
Şəhla Ağayeva






