воскресенье, 20 октября 2013 г.

Dünya düzəlmir, baba

             Yenə dünya qarışdı. Bu dəfə Orxan Zeynalov səbəb oldu. Rusiyaya çörək pulu dalınca gedən minlərlə soydaşımızdan biri olan Orxanın da taleyinə belə qara günlər yazılıbmış. Orxanın törətdiyi iddia edilən cinayət hadisəsi, yəni Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu öldürən Azərbaycan vətəndaşı, 31 yaşlı Orxan Zeynalov bütün Rusiyanı biri-birinə vurdu. Əslində, bu cinayət hadisəsi də Moskvada hər güntörədilən onlarla cinayət hadisəsindən biri idi. Nə etmək olar ki, Şimal ayısı öz məkrli niyyətini, anti Azərbaycan missiyasını gizlədə bilmədi. Hadisəyə məişət zəminində törədilən bir cinayət kimi yox, milli zəmində törədilən, cəmiyyət üçün qorxulu hadisə kimi tamamilə məkrli bir don geyindirdi. Əlindən çıxan keçmiş sovet respublikaları, bu respublikaların rusun cibinə, süfrəsinə və evinə axan sərvətləri yadına düşdükcə quduran "böyük qardaş" "kiçiklərə" zaman-zaman  öz yerini göstərməyi lazım bilir. Lakin unudur ki, sirkənin tündlüyü axırda öz qabənən çatlamasına gətirib çıxardır.
            Orxan kimdir? Cinayəti sübut olunsa adi cani. O hər halda beynəlxalq terrorist deyil, dövlət çevrilişinə də cəhd etməyib, rusiyanın dövlət sərhədlərinin dəyişdirilməsi uğrunda da mübarizə aparmayıb. Bəs nəyə görə bütün tele kanallar, mətbuat orqanları sanki sözləşiblər kimi baş verən hadisəni şouya çevirdilər. Jurnalistika bu deyil, jurnalistlik də bu deyil, bu qədər geniş auditoriyası olan informasiya kanalları kütləni milliyyətçiliyə təşviq etməməlidir. Kütləvi itaətsizliyə çağırışlar sonradan qarşısı alınmaz məcraya çevrilsə, təbii ki, bundan çoxları zərər çəkəcək.
           Nə üçün iş dalınca gedən gənclərimiz belə cinayətlərə imza atırlar? Bu sualın cavabını vermək çox çətindir. Bu gün elə bir rayon, elə bir kənd yoxdur ki, oradan azından 50-100 arasında    rusiyaya gedən miqrant olmasın. Miqrantlarımız toplum halında yaşayır və ən pisi də odur ki, dili öyrənməyə cəhd göstərmirlər. Elə insanlar var ki, on ildir Rusiyada yaşayır dili bilmir. Öz fikrini ifadə edə bilmir. Belə olan təqdirdə onlar yaşadıqları cəmiyyətə inteqrasiya edə, o cəmiyyətin mədəniyyətindən bəhrələnə, yaxşı mənada özünü inkişaf etdirə bilmirlər. Bazar psixologiyasına o qədər aludə olurlar ki, dünyada pul qazanmağın sivil yolları barədə düşünmək ağıllarına belə gəlmir. Bəlamız da elə bundadır.
            Moskvadakı Azərbaycan səfirliyinin rəsmisi öz müsahibəsində ürək ağrısı ilə qeyd edir ki, hadisələr zamanı həqiqəti yazan, bizim də mövqeyimizi ifadə edən istər rus, istərsə də digər ölkələrin nüfuzlu jurnalistini görmədik. Görməyəcəyik də. Bunu həyat təcrübəmiz göstərir. 1988-ci ildən üzü bəri rastlaşmadığımız haqsızlıq qalmadı. Kim qələm götürüb həqiqəti yazdı. Rus jurnalistlərinə dövlət səviyyəsində hər zaman şərait yaradılıb ki, gəlsinlər, hər şeyi öz gözləri ilə görsünlər və həqiqəti yazsınlar. Əslində nə baş verir. Onlar ən yaxşı halda səthi bir cızma-qara edirlər, ya da susurlar. 
            Bəs bizim rusdilli jurnalistlərimiz haradadırlar. Bu gün Bakımız da rusdillidir. Gəlin özümüz-özümüzü aldatmayaq. Yenə Bakıda Azərbaycan dilində danışanlara birtəhər baxırlar. İdarə və müəssisələrdə ünsiyyət yalnız rus dilindədir.  Mən bir Amerika könüllüsünün dediklərini misal çəkmək istəyirəm. Könüllü rayonlardan birində bir il çalışır. Dilimizi öyrənir. Şirin bir ləhcə ilə fikirlərini sadə formada ifadə edir. Bir ildən sonra onu Bakıya dəyişirlər. O internet TV-lərdən birində çalışır. Və çox təəccüblənir. Deyir ki, bu necə şəhərdir, hamı rus dilində danışır, mən indi yenidən rus dili öyrənməliyəm.
              Keçən əsrdə də dilə münasibət belə olub, indidə belədir. Ümumiyyətlə, fikir verdikdə görmək olur ki, formamız bir balaca dəyişib, mahiyyətimiz əvvəlki kimi qalır.
               Dünya dünya xalqları üçün bəlkə də dəyişir, bizim üçün dəyişmir ki, dəyişmir, baba! Yenə rusun damağında istila iştahası qalıb. Yenə millət öz dilinə xor baxır. İntiligentlik rus dilliliklə ölçülür. Yenə balalarımız Rusiyaya gedir və oradan yaxşı xəbərlər eşitmirik. Orxan isə sadəcə qatı cinayətkardır, milli təfriqəçi deyil. Bildiyim budur.
Elmira Mehdiyeva

четверг, 17 октября 2013 г.

Payızın ilıq nəfəsi

     Günəş dağların arxasından boylanır. Bu yay günəşi deyil, onun istisi insanın nəfəsini kəsmir, əksinə Günəşin iləq hərarəti sanki insanlığa yeni nəfəs verir, bizləri xoş duyğulara bürüyür. Ətrafda müdhiş bir gözəllik var. Ağacların yarpaqları min bir rəngə boyanıb. Təbiət sanki Səttar fırçasının məharəti üçün hazırlanıb.
      Çox vaxt içərisində yaşadığımız gözəllikləri belə görmürük, bunu işimizin çoxluğu ilə, vaxtımızın çatışmazlığı ilə əlaqələndiririk. Əfsus ki, bir də gözümüzü açanda qocalıqla üz-üzə qaldığımızı fərq edirik.
    Yaşamaq gözəldir, yaşamağı bacaran üçün, payız da gözəldir, onun bu əsrarəngiz gözəlliklərini görən, duyan, hiss edən və onu içinə çəkib yaşamağı bacaran üçün.
     Bir təmiz payız havasını dərindən içinizə çəkin, gözlərinizi qapayaraq səssizlik içərisində payızın nəğməsini dinləməyə çalışın. Bu nəğmənin notları xəzəlin xışıltısı, yağışın torpağı döyəcləməsi, uçub gedən durnaların uzaqlaşaraq itən qaqqıltısı, nə bilim daha nələr ola bilər. Bu nəğmə sizə ana laylası qədər şirin gələcək.
     Bir payız günündə xəzan düşmüş bağda-bağçada sakitlik içərisində gününü keçirməyə çalış. Bir payız günündə uçuşaraq tökülən, ayaqlar altında xışıldayan xəzəlli cığırla uzun bir yol get. Bir payız günündə saralmış yarpaqlarrın arasından süzülən günəş şüalarına tamaşa et, göz bəbəklərində oynaşan mozaik rənglərin yaratdığı gözəllikdən məst ol. Bir payız günündə çətirsiz yağış altında yol get. Bir payız günündə heç olmasa bircə günlük özünü problemlərdən, qayğılardan uzaq tut. Dünya, yaşamaq necə də gözəl imiş.
      Payız gözəldir!
Elmira Mehdiqızı
17 oktyabr 2013-cü il