Payızın ilıq nəfəsi
Günəş dağların arxasından boylanır. Bu yay günəşi deyil, onun istisi insanın nəfəsini kəsmir, əksinə Günəşin iləq hərarəti sanki insanlığa yeni nəfəs verir, bizləri xoş duyğulara bürüyür. Ətrafda müdhiş bir gözəllik var. Ağacların yarpaqları min bir rəngə boyanıb. Təbiət sanki Səttar fırçasının məharəti üçün hazırlanıb.
Çox vaxt içərisində yaşadığımız gözəllikləri belə görmürük, bunu işimizin çoxluğu ilə, vaxtımızın çatışmazlığı ilə əlaqələndiririk. Əfsus ki, bir də gözümüzü açanda qocalıqla üz-üzə qaldığımızı fərq edirik.
Yaşamaq gözəldir, yaşamağı bacaran üçün, payız da gözəldir, onun bu əsrarəngiz gözəlliklərini görən, duyan, hiss edən və onu içinə çəkib yaşamağı bacaran üçün.
Bir təmiz payız havasını dərindən içinizə çəkin, gözlərinizi qapayaraq səssizlik içərisində payızın nəğməsini dinləməyə çalışın. Bu nəğmənin notları xəzəlin xışıltısı, yağışın torpağı döyəcləməsi, uçub gedən durnaların uzaqlaşaraq itən qaqqıltısı, nə bilim daha nələr ola bilər. Bu nəğmə sizə ana laylası qədər şirin gələcək.
Bir payız günündə xəzan düşmüş bağda-bağçada sakitlik içərisində gününü keçirməyə çalış. Bir payız günündə uçuşaraq tökülən, ayaqlar altında xışıldayan xəzəlli cığırla uzun bir yol get. Bir payız günündə saralmış yarpaqlarrın arasından süzülən günəş şüalarına tamaşa et, göz bəbəklərində oynaşan mozaik rənglərin yaratdığı gözəllikdən məst ol. Bir payız günündə çətirsiz yağış altında yol get. Bir payız günündə heç olmasa bircə günlük özünü problemlərdən, qayğılardan uzaq tut. Dünya, yaşamaq necə də gözəl imiş.
Payız gözəldir!
Elmira Mehdiqızı
17 oktyabr 2013-cü il
Комментариев нет:
Отправить комментарий