пятница, 24 декабря 2010 г.

Yeni arzular ili

Əvvəla bu bloqu oxuyan hər kəsin yeni ilini tebrik edirəm! Her kese 2011-ci ilde can sağlığı, bol-bol sevinc, xoş günlər arzulayiram.
 Bizlər ömür karvanının yolçularıyıq. Bu karvanın rastlaşacağı çətinliklərdən xəbərsiz, qarşıda bizi gözləyən təhlükənin və yaxud xoş təsadüflərin nədən ibarət olduğunu bilmədən irəliləyirik. Hər il sona çatanda ötən ilin ömrümüzün bəlkə də ən gözəl səhifəsini qoparıb apardığını fərq etmədən sevinirik. Sevinirik ki, yenə şam ağacını bəzəyəcəyik, oraya rəngbərəng oyuncaqlar, işıqlar asacağıq. Çünki bunu hamı edir. Amma mənim qəlbimdə ilin sonunda həmişə qərib bir nisgil olur, bu nisgil məni üşüdür, ürəyimi sızladır. Sanki mənim üçün əziz olan nədənsə, kimdənsə ayrılıram. Bu həqiqətən də belədir. Mən arxada qoyduğum acılı-şirinli ötən günlərimin nisgilini yaşayıram.
Mənə ötən günlərimdən ayrılmaq çox çətindir. O günlər mənim ömrümün səhifələridir. Ötən günə gün çatmaz calasan günü-günə. Ömür karvanı vəfasızdır. Ö bizi mənzil başına çatdırmağa tələsir. Təəsssüf ki, bu mənzil başında insan oğlunu ölum adlı bir kabus gözləyir. Bu mənzil başı böyük şəhərlər, gözəl ölkələr deyil, bu mənzil başı ömrün son astanasıdır.
Hər halda yeni il gəlir. Bir parça sevinci özümə çox görməyim. Sevinmək lazımdır, ömür payıma düşən bu ili də bağrıma basıram. Qoy bu il mənə və məni sevənlərə bol-bol uğur gətirsin.
Yeni iliniz mübarək, dostlar.

1 комментарий: