вторник, 18 января 2022 г.

 

Bizim müsahibə

Müsahibimiz Gigiyena  Epidemiologiya Mərkəzinin baş həkimi Ərşad Qüdrətoğludur

-Ərşad həkim,İnsan sağlamlığında təmiz ekoloji mühitin rolu nədən ibarətdir?

-Əvvəla onu qeyd edim ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Təbii ki, bütün bunların əsasında təmiz ekoloji mühit durur. Bu gün bütün dünya ekoloji muhitdə gedən ciddi dəyişikliklərdən narahatdır. Bu dəyişikliklər artıq insanların həyatına, sağlamlığına təsir edir, gələcək nəslin inkişafında öz mənfi fəsadlarını göstərməkdədir.

Yaşadığımız rayon təbii ehtiyatlarla zəngindir. Xüsusən, meşə ərazilərinin çoxluğu, yaşıllıqlar, sıx ağac örtüyü ilə çevrələnən dağ massivləri elə təəssürat yaradır ki, Zaqatala rayonunda belə problemlər yaşanmaz. Lakin, unutmaq olmaz ki, biz də bu planetin kiçik bir parçasıyıq və orada baş verən hər bir proses bizə də təsirsiz ötüşmür. Elə götürək fəsillərdə olan dəyişiklikləri. İndi yanvar ayıdır. Lakin havalar heç də qış mövsümünə uyğun keçmir. Hələ də qar yağmayıb. Halbuki, belə hava şəraiti bizim rayonumuz üçün uyğun deyildir. İlin-günün bu vaxtında onilliklər əvvəl yerdə mütləq qar olurdu. Qarın yağması isə təmiz hava deməkdir, mikrobların ölməsi deməkdir, torpaq üçün məlhəmdir. Deməli, bütövlükdə mühitdə gedən proseslər, buraya suda, quruda aparılan sınaqlar, atmosferə atılan zəhərli qazlar, təbiətə atılan tullantılar və onlarla digər səbəblər daxildir, buna ciddi təsir göstərir. Alimlər bununla bağlı öz sözlərini desələr də, insanlar etiraz səslərini qaldırsalar da hələlik  planetin qorunmasında ciddi bir irəliləyiş yoxdur və bu da gələcəyimizi təhlükə qarşısında qoyur.

-Zaqatala şəhərində ekoloji mühiti pozan faktorlar hansıdır?

- Zaqatala hər zaman öz gözəlliyi, təmizliyi ilə seçilən şəhərlərdən olub. Lakin, şəhərimiz gündən-günə böyüyür, əhalinin sayı artır və bu da özü ilə birlikdə bir sıra gigiyenik və epidemioloji vəziyyətə təsir edən problemlər doğurur.  Şəhər ərazisindən bir-neçə çay axır. Əhali ilə nə qədər iş aparılsa da çay kənarına zibil atılması məsələsinə son qoyulmur. Su kənarlarında bir də görürsən ki, nəhəng zibil qalaqları yığılıb. 

 

- Bir həkim kimi şəhərdə, ümumiyyətlə rayonda məişət tullantılarının idarə olunması sizi qane edirmi?

- Ümumiyyətlə, şəhərdə zibil tullantıları idarə olunmur desək bu düzgün olmaz. Komunal Müəssisələri Kombinatı bunun üçün var gücü ilə çalışır. Rayon rəhbərliyi hər daim bu işi öz nəzarətində saxlayır. Lakin, bu elə sahədir ki, orada işin qurulması əhalidən də çox asılıdır. Zibilin küçəyə müəyyən saatlarda çıxarılması, kənar küçələrin də zibilinin daşınması, bayram günlərində şəhərin təmizliyinə fikir verilməsi və sair hamının nəzarətində olmalıdır. Şəhər ərazisinə 260 ədəd konteyner qoyulmalıdır. Hal hazırda 90 konteynerə ehtiyac var. Şəhər ərazisində məişət tullantılarını 14 nəqliyyat vasitəsi daşıyır, 5 nəqliyyat vasitəsinə ehtiyac vardır. Konteyner meydançalarında dezinfeksiya və dezinseksiya işləri aparılmır.

Rayonun kəndlərində zibil poliqonları yoxdur. Zibil kənd yollarının kənarına, meşə ərazilərinə, əkin sahələrinin kənarına atılır ki, bu da yol verilməzdir.

- Zaqatala şəhərinin zibil poliqonu ilə tanışlığınız varmı və yeni yaşayış massivinin düz poliqon ərazisində olmasına siz necə baxırsınız.

- Zibil poliqonu məsələsi hal-hazırda rayonda öz həllini gözləyən bir nömrəli məsələdir. Bu yaxında biz bununla bağlı baş idarəyə də arayış təqdim etmişik. 60 ildən artıqdır ki, poliqon fəaliyyət göstərir. Yeni poliqon üçün Rayon İcra Hakimiyyəti də müvafiq nazirliklərə müraciət edib, lakin hələlik heç bir müsbət cavab yoxdur.  Birmənalı olaraq poliqon ordan köçürülməlidir, çünki, yeni yaşayış massivi düz poliqon ərazisinə düşür. Şəhər o istiqamətdə inkişaf edir.

Hal hazırda poliqonda tullantılar basdırılsa da, burada daim texnika çalışsa da ora sanitar tələblərinə cavab vermir. Ərazi çəpərlənməyib, sanitariya mühafizə zonası yoxdur. Ümid edirik ki, bu problem yaxın vaxtlarda öz həllini tapar.

Müsahibə üçün çox sağ olun.

Müsahibəni apardı:

Elmira Mehdiyeva

 

 

 

Комментариев нет:

Отправить комментарий