понедельник, 10 января 2022 г.

Layihə çərçivəsində ictimai vəkillik həyata keçiriləcək

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə FHI 360 (Ailə Sağlamlığının Qorunması Üzrə Beynəlxalq Təşkilatı) Azərbaycanda Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) fəaliyyətini həyata keçirmək məqsədi ilə respublikamızın 15 rayonunda müxtəlif ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə start verib. Bu layihələrdən biri də “Zaqatala şəhərində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirələrin və ictimai vəkilliyin təşkili” layihəsidir.

Zaqatala rayonunda istehsalat və məişət tullantılarının yerləşdirilməsi, məhv edilməsi və basdırılması üçün Zaqatala şəhəri ərazisində 1960-cı illərin əvvəllərində sahəsi 2,0 hektar olan poliqon yaradılmışdı. Həmin dövrdən rayonda istehsalat və məişət tullantılarının idarə olunması Zaqatala Kommunal Müəssisələri Kombinatı tərəfindən həyata keçirilir. Ötən 60 il ərzində şəhər əhalisi iki dəfədən çox , Zaqatala şəhərinin ərazisi 4 dəfədən çox artmışdır. Hal hazırda Zaqatala şəhərində yaşayan əhalinin sayı 35 minə yaxınlaşmışdır. (Zaqatala rayonunun əhalisi isə 130 mini keçir.) Bu isə o deməkdir ki, uzun illər istismar olunan və Zaqatala şəhərinin ərazisinin böyüməsi ilə əlaqədar yaşayış massivlərinə yaxın ərazidə yerləşən məişət tullantılarının utilizasiyası poliqonu istismar müddətini bitirmişdir. Keçən dövr ərzində əlavə poliqonlar yaradılmadığından, məişət tullantılarının zərərsizləşdirilməsi və emalı üçün burada şərait olmadığından bu poliqon şəhərin tələbatını tam ödəmir. Hal hazırda şəhərin yeni yaşayış massivi demək olar ki, bu zibilliyin bir addımlığındadır.  Halbuki, standartlara görə zibil poliqonu yaşayış yerlərindən azından bir kilometr aralıda olmalıdır.

Layihəni həyata keçirilməsinin ümumi strateji məqsədi yaşayış massivindən standartlara uyğun uzaqlıqda yeni zibil poliqonunun yaradılması ilə 10 minlərlə insanın təmiz ekoloji mühitdə yaşamasına nail olmaqdır. Layihə çərçivəsində insanların ekoloji maarifləndirilmə aparılacaq, görüşlər təşkil olunacaq, sorğular  keçiriləcək.

Layihədə tərəfdaş təşkilat kimi “Rüzgar” İB, “Balans” İB və “Yeni Fikir”JHİB  koalisiya formasında çalışacaq və problemin həlli istiqamətində ictimai vəkilliyin təşkilində fəallıq göstərəcəklər.

        

                                                                                                                                Şəhla Ağayeva

Комментариев нет:

Отправить комментарий