Muxax xalçaları və ya Azərbaycan xalçaçılıq tarixində
Azərbaycan xalçaçılıq tarixinə dair
araşdırmalara start vermiş "Azər-İlmə" Zaqatalada toxunan xalçaların
mənşəyinə dair axtarışlar aparan dünya şöhrətli mütəxəssisləri Azərbaycana dəvət
edir. 1993-cü ildə ingiltərəli xalça mütəxəssisi, "Halı" jurnalının səyyar
redaktoru Toni Hazledinen "Azər-İlmə"nin xalça-tədqiqatçıları ilə
birlikdə Zaqatalaya - "Bis” xalçasının ən çox toxunduğu Muxax kəndinə yollanırlar.
Mütəxəssislər burada toxunan xalçalar, Zaqatalanın tarixi abidələri ilə tanış
olur, Muxax kəndində xeyli araşdırmalar aparır, yerli sakinlərlə söhbət edir və
xalçaları öyrənmək üçün Nyu-Yorkun xalça ekspertləri ilə danışıqlar aparırlar.
Bir müddət sonra ekspertlərin cavabı məlum olur: bu xalçada vurulan naxışlar
Zaqatala ərazisində yaşamış qədim türk tayfalarına məxsusdur!
Ekspertlər, həmçinin bu xalçalarla Türkiyənin Konya şəhərində
toxunan xalçaların toxunma texnologiyasının eyni olduğu qənaətinə gəlir.
Muxax xalçaları dördbucaq formalı, qalın xovlu, 7 (bəzən
də 6) ana rəngin tətbiq olunduğu, ərişləri adətən qara qoyun yunundan, keçi qəzilindən
olan unikal sənət əsərləridir. Çobankol, Suagil, Danaçı, Çardaxlı, Tala, Car
kimi ətraf kəndlərdə toxunan xalçalarla müqayisədə, Muxax xalçaları Azərbaycanın
digər xalça qrupları ilə daha çox oxşarlıqlara malikdir. Məsələn, bu xalçanın
naxışları seyrəkliyi və sərbəstliyi, kompozisiya sadəliyi, rəngləri ilə
Qazax-Borçalı qrupu xalçalarını xatırladır.


Lakin heç bir xalça qrupunun Muxax xalçaları ilə
yaxınlığı, bu xalça nümunələrinin Konyanın "Yatak" xalçaları ilə
oxşarlığı ilə müqayisə edilə bilməz. İstər rəng, istər çeşni, naxış,
kompozisiya etibarilə coğrafi baxımdan bir-birindən xeyli aralıda toxunan bu xalçaların
oxşarlığı heyrət doğurur. Araşdırmalar sübut edir ki, bu dərəcədə bənzərlik
yalnız geneoloji yaxınlıqla bağlı ola bilər. Yalnız bir kökdən olan, bir nəsli,
tayfanı təmsil edən xalçaçılar belə sənət əsərləri yarada bilərlər. Nəinki
Muxax xalçaları, ümumiyyətlə, bütün Azərbaycan xalçaları bir tayfanın
qollarını, təmsilçilərini tapmaq, bir araya gətirmək, oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək baxımından əvəzsiz mənbədir. Təsadüfü deyildir ki, hər xalça
toxunduğu elin-obanın vəsiqəsi, müasir dillə desək "sertifikatı"dır.
Türk xalqlarının yayılma arealının, köçürülmə və yerləşdirilmə proseslərinin
öyrənilməsi üçün xalçalar qədər əsaslı sübut tapmaq çətindir. Xalça türkün həm
aranda, həm yaylaqda yol yoldaşı, evinin - alaçığının bəzəyi, dostuna-yoldaşına
hədiyyəsi, gəlin köçən qızlarına cehizi... olub. Bu baxımdan da, Konya və Muxax
xalçalarının oxşarlığı indi adı çəkilən bu torpaqlarda yaşayan və yaradan əhalinin
əslində bir kökdən olduğunu əyani şəkildə nümayiş etdirir.
Sovet hakimiyyəti illərində Azərbaycan xalçaçılığının
dar çərçivədə araşdırılmasının əsas səbəblərindən biri də elə bu amillə əlaqədardır.
Xalçanın mahiyyətinə vardıqca, onun hər naxışını, elementini dərk etdikcə
özünü, tarixini tapmış olursan. Ucu-bucağı görünməyən bu dünyada kiminlə yaxın,
bağlı, kimdən nə qədər uzaq və yad olduğunun fərqinə varırsan. Xalqların
bir-biri ilə bağlılığının (xüsusilə SSRİ sərhədlərindən kənarda) müəyyənləşməsi,
əlaqələrin bərpası sovet hökumətinin daxili və xarici siyasətinə zidd idi. Qədim
Azərbaycan xalçalarının əhalidən kütləvi şəkildə yığılması da məhz xalqı öz
kökündən, soyundan uzaqlaşdırmaq siyasəti ilə əlaqədar idi. Muxax xalçaları bu
siyasətə meydan oxumuş, varlığını, keçmişimizi öz ilmələrində əbədiləşdirən,
dünənimizi bu günümüzə bağlayan sənət nümunələridir.


Комментариев нет:
Отправить комментарий